Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
01:07
108

08
Noy
01:07



“Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları”

Turizm potensiallarını yetərincə təqdim etmələrinin nəticəsidir ki, ABŞ, İspaniya və Fransa dünyada turistlərin ən çox pul xərclədikləri ölkələrdir. Ümumdünya Turizm Təşkilatının (ÜTT) 2017-ci il üzrə hesabatına əsasən, ABŞ turizmdən 211 milyard, İspaniya 68 milyard, Fransa 61 milyard dollar əldə edib. Azərbaycanda turizm sahəsindən əldə olunan gəlirlər büdcə gəlirlərinin tərkibində əhəmiyyətli çəkiyə malik olmasa da, bu sahədən əldə edilən gəlirlər ildən-ilə çoxalır. Görülmüş işlərin nəticəsi olaraq, keçən il Azərbaycana turizmdən daxil olan vəsaitlərin həcmi iki milyard dollara yüksəlib.

Hədəflər

Azərbaycanın dövlət siyasətində turizm imkanlarını genişləndirmək və bu sahəni ölkəmiz üçün çox önəmli bir sahəyə çevirmək əsas hədəflərdəndir.

Ölkə Prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidtin sözlərinə görə, 2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaq qarşıya qoyulan məqsədlərdəndir. Həmin dövrədək turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək ki, bunlar da turizm təcrübəsi, turizm təhsili, innovasiya və texnologiya, brend, marketinq və kommunikasiya və s.dir.

Büro rəhbəri əlavə edib ki, ölkədə turizmi, xüsusilə hotelçilik sahəsini inkişaf etdirmək üçün bu strategiyada diqqət yetirilməsi vacib olan ən əsas istiqamət dövlət-biznes əməkdaşlığıdır.

Onun sözlərinə görə, dövlət turizm şirkətləri ilə əməkdaşlıq edərsə, bu sahə daha çox inkişaf edər.

“Dövlət yeni turizm məhsullarının yaradılmasına xüsusi diqqət göstərir”

Əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlı olan Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. Bu sahədə uğurlu nəticələrin əldə edilməsi üçün dövlət qurumları və yerli strukturlar marketinq, təbliğat işlərini birgə həyata keçirməlidirlər, çünki yalnız uğurlu strategiya əsasında həyata keçirilən layihələr ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək, ölkəmizə gələn turistlərin sayını artacaq.

Ötən il Azərbaycanın “Yenidən fərqli baxışla bax” (“Take another look”) şüarı ilə yeni milli turizm brendinin təqdim olunması, Gədəbəydə Milli Yaylaq Festivalının, Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının, Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının və s. keçirilməsini, Azərbaycanın turizm brendinin tanıtım çarxının Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən keçirilən müsabiqənin onlayn səsverməsinə təqdim edilməsini, bir sıra ölkələrdə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin açılmasını bu təbliğat işlərinin bir hissəsi saymaq olar.

İndiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün həyata keçirilən müxtəlif layihələr artıq öz müsbət nəticələrini verməkdədir. Yalnız bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxalıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turistlərin Azərbaycana cəlb edilməsi üçün xarici ölkələrdə geniş marketinq işləri aparılır. O, Azərbaycanda yeni turizm məhsullarının yaradılmasına və inkişafına, eyni zamanda mədəni irsin qorunub saxlanmasına dövlət tərəfindən xüsusi diqqətin göstərildiyini söyləyib.

Beynəlxalq tədbirlərin turizm potensialımızın tanıdılmasına verdiyi fayda

Turizmi ixracın bir növü sayan Prezident İlham Əliyev hələ bu ilin əvvəlində verdiyi müsahibəsində bu sahənin ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli istiqamət olduğunu söyləyib.

Azərbaycanın turizm imkanlarını genişləndirmək üçün müxtəlif addımlar atdığını deyən İlham Əliyev beynəlxalq yarışların Bakıda keçirilməsinin, infrastrukturun qurulmasının ölkəmizin turizm imkanlarının tanıdılmasına xüsusilə təsir etdiyini vurğulayıb: “İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait -bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ o idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər xüsusi rol oynayıb. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı?! Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin, bəzi ölkələrdən 3-4 dəfə artdı. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.

Ölkəmizin turizm potensialını tam göstərə bilməməsinin səbəblərindən biri – İşğal faktoru

Bu gün Azərbaycandakı ictimai-siyasi sabitlik ölkəmizə turistləri cəlb edən ən əsas amillərdən biridir. Azərbaycan xalqının tolerant, qonaqpərvər olması, ölkədə gözəl turizm insfrastrukturunun, yeni turizm növlərinin yaradılması, dövlətin turizmə göstərdiyi dəstək, sadələşdirilmiş viza rejiminin tətbiqi, əverişli aviareyslərin həyata keçirilməsi ölkəyə gələn turistlərin sayını artırır. Lakin bu gün Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında saxlanılması ölkəmizin turizm potensialını tam göstərə bilməməsinin səbəblərindən biridir.

Bu məsələni Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında qaldıran DTA sədri Fuad Nağıyev qurum səlahiyyətlərinin də nəzərinə çatdırıb ki, işğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir. Buna baxmayaraq, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verirlər. Bunu tam yolverilməz hal sayan F.Nağıyev aidiyyatlı tərəfləri belə halların qarşısını almağa çağırıb.

Turizm potensialından istifadə imkanlarından biri - şərab turizmi

Azərbaycanın əksər turizm növlərinin inkişaf etdirilməsi üçün müvafiq resurslar var. Azərbaycanda turizmin sağlamlıq, tarixi, rekreasiya, ov, qış-xizək, biznes, konqres, eco və s. turizm növlərinin getdikcə inkişaf etməsinin nəticəsidir ki, onlara maraq göstərənlərin sayı ildən-ilə artır. Amma daha çox turistin ölkəmizə gəlməsinə nail olmaq istədiyimiz üçün yeniliklərin də tətbiqində maraqlı olmayılıq. Mütəxəssislər də ölkəmizin turizm imkanlarının daha yaxşı tanıdılması üçün yeni turizm növlərinin inkişafını vacib sayırlar.

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov bildirib ki, Azərbaycanın iqlimi, potensialı ölkəmizdə şərab turizminin inkişafına imkan verir.

Şərabçılıq və üzümcülüyün Azərbaycan üçün ənənəvi sahə olduğunu nəzərə çatdıran E.Mədətov qeyd edib ki, son illər ərzində Azərbaycanda şərabçılığa maraq artıb. O, şərabçılığı inkişaf etdirməklə ölkəyə gələn turistlərin sayına artmasına nail olacağına ümid edir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviqat işləri aparmalıdırlar: “Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalı, bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir".

Təklif: Sovet dövrünün turizm marşrutları bərpa edilsin

M.Ağakərimovun sözlərinə görə, son illərdə Azərbaycana gələn turistlər Bakını və Abşeron yarımadasını gəzməyə üstünlük versələr də, Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına da çox səfər edirlər.

Assosiasiya rəsmisi turistlərin regionlara olan marağını nəzərə alaraq, sovet dövründə olan turizm marştutlarının bərpasını təklif edir. Onun sözlərinə görə, vaxtilə turistlər üçün çox maraqlı marşrutların olmasına baxmayaraq, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir: “Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Bu tura çox maraq göstərən və sırf bu marşruta görə ölkəmizə səfər edən turistlər olub”.

AzTA nümayəndəsi Azərbaycanda mətbəx turizminin yeni formada inkişafını da təklif edir. O qeyd edir ki, Azərbaycanda mətbəx turizmi inkişaf etsə də, onu turistlərin maraq dairəsinə uyğun formada daha da genişləndirmək olar.

M.Ağakərimov təklif edir ki, turizm şirkətləri bununla bağlı xüsusi proqramlar hazırlamalıdırlar. Bu proqramlardan biri turistlərin restoranlarda özü üçün yemək hazırlanma prosesində iştirak etməsi ola bilər: "Ölkəmizə gələn turist sanitar-gigiyenik qaydalara əməl etməklə ya özünün resepti, ya da aşpazın köməyi ilə müxtəlif yeməklər hazırlaya bilər. Belə proqram turistlərin çoxunun xoşuna gələcək və ölkəmizə daha çox turistin gəlməsinə kömək edəcək".

"Sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək lazımdır"

Azərbaycanda müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii resurs potensialı kifayət qədər olsa da, mövcud potensialın olduqca az hissəsindən istifadə edilir. Bu gün Azərbaycanda sağlamlıq turizminin bir istiqaməti olaraq, daha çox Naftalan nefti ilə müalicə aparılır. Sağlamlıq turizmindən faydalanmaq istəyən əcnəbilər də məhz bu xeyirli müalicə üsuluna görə ölkəmizə, daha konkret desək isə xam neftdən müalicəvi istifadəsinə görə məhşur olan Naftalana gəlirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov deyib ki, 2018-ci ildə Naftalanda dünyanın 62 ölkəsindən gələn 35 min turist müalicə edilib: "Bu, mövcud imkanların az hissəsidir. İl ərzində Naftalana gələn turistlərin sayını 100 minə çatdırmaq üçün çalışmaq lazımdır".

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib ki, Azərbaycan alternativ turizm növlərinin inkişafı üçün çox əlverişlidir. Amma imkanların olması hazır məhsul demək deyil. Ona görə də ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək lazımdır.

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov bildirib ki, Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmaqla, ölkəyə çox güclü turist axınına nail olmaq olar: “Çünki bu sahədə potensial genişdir, turizm sektoru təmsilçilərinin üzərinə düşən, sadəcə, bu imkanları tanıtmaqdır. Dünyada analoqu olmayan Naftalan nefti, böyrək daşlarının düşürülməsində möcüzəvi effektə malik Qaşaaltı suyu və s. kimi müalicə vasitələrimizi düzgün təbliğ etməklə ölkəmizə çoxsaylı turistlərin cəlbinə nail ola bilərik”.

Mütəxəssis gözündə 7 qızıl addım

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin sözlərinə görə, turizmin inkişafını təmin etmək, turizm axınını yaratmaq üçün vacib olan addımlar qanunvericilik bazasının təkmilləşdirilməsi, menecment sisteminin təkmilləşdirilməsi, innovativ sistemlərin şaxəli tətbiqi, təşkilatlanma prosesinin başa çatdırılması, koordinasiyanın düzgün idarə edilməsi, təqdimetmə mədəniyyətinin yüksəldilməsidir. Bütün bunlar nəzərə alınmaqla diqqət yetirilməli olan əsas prioritetlər tanıtım fəaliyyətləri (ölkədaxili və beynəlxalq), hava daşımalarında liberallaşma (hava limanlarının özəlləşməsi), səfirlik və diplomatik nümayəndəliklərin Azərbaycanın turizm və mədəni potensialının tanıdılması istiqamətindəki fəaliyyətlərinin uzunmüddətli və ardıcıl olaraq yenidənqurması, xarici brend mehmanxanaların qiymət siyasətlərinə Azərbaycan turizm bazarının reallığı konteskstində yenidən baxılmasıdır.

R.Quliyev hesab edir ki, beynəlxalq tenderlərdə iştitak zamanı yerli turizm şirkətlərinin dəstəklənməsi (partnyorluq sazişi ilə tənzimlənə bilər), mehmanxana və digər əlavə xidmət obyektlərinin tikilməsinin stimullaşdırılması vacibdir.

Mütəxəssis yuxarıda qeyd olunan bəndləri rəhbər tutaraq, Azərbaycanda turizm sektorunun inkişafını yaxın 3 ildə təmin edəcək 7 qızıl addımı da açıqlayıb.

O təklif edir ki, Prezident yanında Turizmin İnkişafına Dəstək Fondunun yaradılsın, “Təşviqlər-subsidiyalar haqqında” qanun qəbul edilsin. Bu qanunun qəbulu ilə ölkənin turizm potensialını xarici ölkələrdə təbliğ edən bütün turizm təsisatlarına xərclədikləri vəsaitlərin 30- 70 %-i geri qaytarıla bilər: “Bu fəaliyyətlər seminarların, sərgilərin, təqdimatların keçirilməsi, reklam çarxlarının hazırlanaraq yayımlanması, çap və elektron reklam məhsullarının yayılması və s. ola bilər. Bütün bunların tətbiq müddəti 3 il ola bilər”.

Turizm şirkətlərini həvəsləndirmək üçün ona vəsait ödənilsin

R.Quliyev bunu da təklif edir ki, ölkəyə 7 gecə qalacaq turist gətirən şirkətlərə (əgər bütün səyahət sənədlərinin surəti təqdim olunarsa) büdcədən vəsait ödənilsin. O, buna görə turist təşkilatlarına büdcədən bir nəfər turist üçün 70 manat vəsaitin ödənilməsini təklif edir. Bu halda turizm şirkətlərinə büdcədən ödəniləcək vəsaitin məbləği onların büdcəyə gətirəcəyi gəlirdən dəfələrlə çox olacaq.

R.Quliyev hesab edir ki, ölkəyə 7 -14 gecə gecələmə şərti ilə turist gətirən turizm şirkətlərinə “Azərbaycan Hava yolları” tərəfindən 3 il müddətinə 50% endirim edilməlidir.

Bununla yanaşı, gəlmə turizm və daxili turizm əməliyyatlarına 18%-lik ƏDV-nin tətbiqi ləğv olunmalıdır. Ən pis halda 3 il müddətinə differensial vergi sistemi tətbiq olunmalıdır.

Mütəxəssisin sözlərinə görə, 2 və 3 ulduzlu və daha yüksək kateqoriyalı mehmanxana və sanatoriyaların, eləcə də əlavə xidmət sahələri obyektlərinin (ictimai iaşə, əyləncə və s.) tikilməsi üçün 1,5 - 2 %-lə 5 illik kreditlərin ayrılmasına şərait yaradılmalıdır. Dövlət belə infrstruktur layihələrinə yardımçı ola bilər və ya banklara ortaqlıq təklif oluna bilər. Bunlardan əlavə, xarici diplomatik nümayəndəliklərdə turizm tanıtım təmsilçilikləri yaradıla bilər.

“Novruz bayramına həm də turizm məhsulu kimi yanaşmaq lazımdır”

Turizm üzrə ekspert Fariz Hacıyev isə Trend-ə bildirib ki, turizm potensialımızı tanıtmaq üçün milli bayramımız olan Novruz bayramından turizm vasitəsi kimi istifadə etmək olar: “Paytaxt Bakıda bu bayramın təşkilatcılığına xususi önəm verilməlidir. Novruz bayramına təkcə xalq bayramı kimi yox, həm də turizm məhsulu kimi yanaşmaq lazımdır”.

F.Hacıyevin sözlərinə görə, ölkə əhəmiyyətli festivallara, məsələn Nar festivalına, Qubada keçirilən alma bayramına əcnəbi turistlərin cəlb edilməsi çox yaxşı olardı.

Son illərdə turistlərin yerləşdirilməsi baxımından əlverişli şəraitin yarandığını deyən F.Hacıyevin fikrincə, hazırkı vəziyyətdə turizm sahəsində görməli olduğumuz əsas işlərdən biri təbliğat, tanıtma işləridir.

Onun sözlərinə görə, tanınmış əcnəbi turizm blogerlerini ölkəyə dəvət etməli, müxtəlif turizm tədbirlərində onların iştirakını təmin etməliyik. Bununla yanaşı, bütün dünyada təsir gücü danılmaz olan sosial şəbəkələrdən (instagram,tvitter,facebook) faydalı şəkildə yararlanmalıyıq.

Əcnəbi turizm agentlikləri ilə qarşılıqlı əməkdaşlığı vacib sayan F.Hacıyev turizm bölgələrimizdə infrastrukturun qurulmasına diqqətin artırılmasını olduqca vacib sayıb: “Turizmin inkişafını təkcə dövlətdən gözləmək düzgün olmaz. Hamılıqla bu sahədə aktiv olmalıyıq. Çünki turizm həm də bir mədəniyyətdir, bu mədəniyyətdə hər kəsin payı olmalıdır”.

Yazı Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az