AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Mart
2019
01:35
501



Yeni kitab: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb.

Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım

Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir.

Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.

Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbərliyi ilə ilk baxışda diqqəti çəkir.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən 22 sənəd və tarixçilər üçün yol xəritəsi

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: “Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır”.

Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur

Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.

Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı.

Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına təkan verəcək.

Kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az