Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
19:37
186



“Azərxalça”nın Quba filialının fəaliyyətə başlamasından bir il ötür

Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarix boyu ticarət və sənətkarlıq mərkəzi olub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən XeberOxu.Az-a verilən məlumata görə, etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Bütün bunlar nəzərə alınaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ilk filiallarından biri də məhz Quba şəhərində açılıb. Qubadakı xalça istehsalı emalatxanası ötən il dekabr ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub.

İndiyədək filialda ümumi ölçüsü 365 kvadratmetr olan 130 ədəd xalça toxunub. Hazırda bu filialda ərsəyə gətirilən ən böyük xalçanın toxunması davam etdirlir. Bu, qədim Şirvan çeşnisi əsasında toxunan, 24 kvadratmetrlik xalçadır.

70-ə yaxın toxucunun fəaliyyət göstərdiyi filialın işçiləri Quba şəhərinin, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərinin sakinləridir.

Gənclərin xalçaçılıq sənətinə yönləndirilməsi dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Çünki məhz bununla varislik təmin olunur, xalçaçılıq sənəti yaşadılır. Ölkə rəhbəri Quba filialının açılışında bu məsələnin əhəmiyyətindən danışaraq demişdi: “Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir”.

“Azərxalça”nın digər filialları kimi, Qubada da çalışanların əksəriyyəti gənclərdir. Onların sayı hər gün artır. Son günlər filiala 10-dan çox gənc qız müraciət edib. Həmin gənclər tədris-hazırlıq kursuna cəlb olunublar. Təcrübəli toxucular tərəfindən onlara xalçaçılıq sənəti öyrədilir. Tədris-hazırlıq kursunu uğurla başa vuranlar sertifikatla və filialda işlə təmin ediləcəklər.

Respublikamızın bölgələrində “Azərxalça”nın filiallarının yaradılması ömrünü xalçaçılığa bağlayan insanların yenidən bu sənətə qayıtmasına imkan verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qubanın təcrübəli toxucuları da müəyyən səbəblərdən ölkəmizin ayrı-ayrı bölgələrində, xüsusən paytaxt Bakıda məskunlaşmağa məcbur olmuşdu. İndi həmin toxucular Qubaya qayıdaraq “Azərxalça”nın filialında çalışırlar. Onlardan biri də Quba şəhər sakini Şəfiqə Seydayevadır. O, 90-cı illərin əvvəllərində Bakı şəhərinə gəlib, xalçaçılıqdan ayrılaraq başqa sahədə işləməyə başlayıb: “Qubada xalça fabrikinin açıldığını eşidəndə çox sevindik. Mən əvvəllər buradakı fabrikdə xalça toxumuşam. Lakin məlum hadisələrdən sonra işlədiyimiz fabrikin fəaliyyəti dayandırıldı. Biz də Bakı şəhərinə köçdük. Qubada belə gözəl, müasir fabrik yaratdığına görə Prezidentimizə minnətdarıq. Biz indi qızımla dədə-baba yurdumuzda yaşayır, bu fabrikdə işləyir, gözəl xalçalar toxuyuruq”.

Rayonun Dağlı kənd sakini, toxucu Şirincan Bədəlova da xalçaçılar üçün yaradılmış şəraitdən razılıqla danışır. Deyir ki, uzun illər heç bir şəraiti olmayan, qaranlıq otaqlarda xalça toxumuşuq. Ancaq bu sənətdən ayrılmamışıq. Çünki bu sənət bizə nənələrimizdən miras kimi ötürülüb, xalçaçılıq bizim milli dəyərimizdir: “Bu gün isə vəziyyət tamamilə başqadır. İndi müasir, işıqlı emalatxanada xalça toxuyuruq. Dövlətimiz işə gedib-gəlməyimizin də qayğısına qalıb. Filialımıza verilən avtobus bizim nəqliyyat problemimizi aradan qaldırıb. Bütün bunlara görə hörmətli Prezidentimizə minnətdarıq”.

Toxucu Simnarə Seyidməmmədova rayonun Qımıl kəndindəndir. O, Qubanın qədim xalçaçılıq ənənəsi oduğunu deyir, fabrikdə tarixi Quba xalçalarının toxunmasına üstünlük verilməsini məmnunluqla qeyd edir: “Doğrudur, yaxşı toxucu üçün çeşninin fərqi yoxdur. Ancaq toxucuya daha doğma olan, özününküləşdirdiyi çeşnilər var. Məsələn, biz Quba çeşnilərini toxuyanda daha gözəl xalçalar ərsəyə gətiririk”.

“Azərxalça”nın Quba filialı öz fəaliyyətini günü-gündən genişləndirir. Filialda peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır.
Dövlət başçısının Quba filialının açılışında dediyi kimi, Quba həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir.

“Azərxalça”nın Quba filialının yaradılması imkan verəcək ki, Quba xalçaları yaşadılsın, yenə də dünya muzeylərinin bəzəyinə çevrilsin. Yaxın vaxtlarda biz beynəlxalq xalça bazarında yüksək keyfiyyətlə toxunan Azərbaycan xalçalarına, eləcə də Quba xalçalarına artan tələbatın şahidi olacağıq.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]