XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
13:26
708
29
Iyul
13:26



AMEA Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi və kollektivi ölkədə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan Fərmana görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.

 Xeberoxu.Az-ın məlumatına görə, bu barədə AMEA-nın yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı elm və təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr müəyyənləşdirir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalamışdır. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer almışdır.

İstər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, cəmiyyətin inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və konsepsiyaların, innovasiya ekosistemlərinin əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksəkhazırlıqlı kadr potensialı dayanır. Odur ki, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji əhəmiyyət daşıyır. Məhz bunun nəticəsidir ki, son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanda elmi fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda son 10 ildə əldə edilmiş əsas nailiyyətlərdən biri kimi, elmi fəaliyyət sahəsində olan uğurlar xüsusi olaraq qeyd edilmişdir. Sənəddə göstərilir ki, son 10 ildə “elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artmışdır. Son 5 ildə akademik nəşrlərin sayı 80% artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir”.

Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Strategiyada əksini tapmış bu nailiyyətlər son 10 ildə dövlətin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan alimlərinin gərgin əməyi və səyi hesabına mümkün olmuşdur.

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, zəngin ənənələrə, güclü elmi potensiala malik Azərbaycan elminin və təhsilinin dövlətin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi və modernləşdirilməsi üçün idarəetmənin optimallaşdırılması və strukturun təkmilləşdirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi hazırda qarşıda duran əsas vəzifələrdəndir. Belə ki, elmin cəmiyyətin və dövlətin inkişafının fundamental əsaslarından biri kimi rolu və əhəmiyyətinin yeni yanaşmalar və çağırışlar baxımından dərk olunması üçün qarşıda həyata keçirilməsi zəruri olan xeyli vəzifələr vardır.

Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Bu islahatların əsas məqsədi ölkənin siyasi, iqtisadi və mədəni həyatının əsaslı şəkildə modernləşdirilməsidir. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində struktur islahatları, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyinə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü və konseptual islahatların aparılması vacib idi.

Bu baxımdan Fərman mövcud reallıqlar nəzərə alınaraq, Azərbaycan elminin strukturunun, əsasən, ölkə maraqlarına uyğun olaraq çevik və səmərəli formalarda yenidən təşkili zərurətindən irəli gələrək olduqca mühüm funksional əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Fərman elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya və qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunması, bu sahənin struktur və idarəetmə baxımından əsaslı olaraq təkmilləşdirilməsində ciddi rol oynayacaqdır.

Cənab Prezidentin bu Fərmanı səksən ilə yaxın olduqca şərəfli bir inkişaf yolu keçmiş, mövcud olduğu bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının müasir şəraitdə yeni tərəqqi mərhələsinə daxil olması baxımından mühüm rola malikdir. İndi AMEA-nın üzvləri, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalı ordusu Akademiyanın modernləşməsi üçün Fərmanda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bütün səylərini birləşdirməlidirlər.

Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir. Vəzifəsindən, yaşından asılı olmayaraq respublikanın elm və təhsil sahəsində çalışan əməkdaşları bu vəzifələrin həyata keçirilməsi üçün bütün səylərini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməlidirlər".


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.