Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
15:47
1398

13
Iyul
15:47



Azərbaycanda dini dəyərlər: dövlət siyasəti, medianın rolu

Din bir inanc, tanrıya bağlılıq, ibadət, insanları öz iradə və ixtiyarları ilə xeyirə sövq edən ilahi qanunlar məcmuəsi olsa da, əfsuslar olsun ki, tarix boyu din amilindən geosiyasi maraqların təmin edilməsi məqsədilə sui-istifadə edilib.

Nə qədər acınacaqlı olsa da bu gün din amilindən sui-istifadə halları demək olar ki, özünün pik həddinə çatıb. Son illərdə sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada mürəkkəb proseslər baş verməkdədir. Dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə də ciddi təhdidlər yaradır. Bunu daha çox dünyanın müxtəlif bölgələrində öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etməyə çalışan bəzi beynəlxalq güclər törədir. Bu güclər din amilindən sui-istifadə edərək dünyanın müxtəlif bölgələrində radikal dini qruplar vasitəsilə ictimai-siyasi sabitliyi pozmaqla, dini zəmində münaqişələr törətməklə öz məqsədlərinə nail olmağa çalışırlar. Yaxın Şərq ölkələrində baş verən qanlı hadisələr bunun bariz nümunəsidir.

Danılmaz faktdır ki, bu güclərin din amilindən belə asanlıqla yararlanmasının başlıca səbəbi cəmiyyətlərdə din haqqında düzgün məlumatların olmamasıdır. Daha bir mühüm amil isə ondan ibarətdir ki, dini zəmində münaqişələrin törədilməsində medianın da imkanlarından geniş formada istifadə edilir.

Təəssüf ki, dünyanın bir parçası olan Azərbaycanda da zaman-zaman dindən sui-istifadə cəhdləri qeydə alınır. Çünki Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub.

Lakin müstəqil Azərbaycan dövlətinin dinlə bağlı apardığı məqsədyönlü siyasət nəticəsində dini vasitələrlə ölkəmizə təsir etmək cəhdlərini zərərsizləşdirmək mümkün olub. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, demokratik və dünyəvi, zəngin tarixə, milli-mənəvi dəyərlərə sahib bir ölkədir. Azərbaycanda hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən dini etiqad azadlığı ölkə konstitusiyası, qanunvericiliyinin tələblərinə uyğun şəkildə qorunur. Vətəndaşlara dini etiqad azadlığını təbliğ etmək, rituallarını həyata keçirmək üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb.

Bu gün Azərbaycanda müxtəlif dinlərə və etiqadlara məxsus insanlar heç bir dini ayrıseçkiliyə yol vermədən sülh şəraitində birgə fəaliyyət göstərirlər. Bu səbəbdən də Azərbaycanda dini zəmində hər hansı münaqişə və problem yaşanmayıb.

Azərbaycanın Konstitusiyasına görə, din dövlətdən ayrı olsa da dövlətlə inanclı insanların iç-içə olduğunu nəzərə alaraq dövlətin din sahəsində siyasətini həyata keçirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi fəaliyyətə başladığı andan dövlətin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi üçün ciddi fəaliyyət göstərməkdədir. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, hər hansı dini ayrı-seçkiliyə yol vermədən, dövlətin müyyən etdiyi siyasətə uyğun şəkildə qurub.

Ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan bu istiqamətdə görülən işlərin milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Lakin bütün bunlara baxmayaraq, biz zaman-zaman anti-Azərbaycan qüvvələrin ölkəmizdə ictimai sabitliyi pozmaq istiqmətində pozucu fəaliyyətinin şahidi olmuşuq. Düzdür, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının səyi nəticəsində onların pozucu fəaliyyətinin qarşısı alınıb. Odur ki, Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin dəstəklənməsində, onun cəmiyyətdə daha sağlam formada inkişaf etdirilməsində, eyni zamanda cəmiyyətdə maarifləndirmə işlərinin həyata keçirilməsində mətbuatın üzərinə müstəsna iş düşür.

Jurnalistlər din mövzusunda yazıları hazırlayarkən kifayət qədər diqqətli olmalı, məsələyə həssaslıqla yanaşmalı, dərindən araşdırmalı və dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhdləri nəzərə almalıdır.

Azərbaycanın tanınmış dini ekspertləri, ictimai-siyasi xadimləri də din mövzusunda medianın böyük məsuliyyət daşıdığını hesab edirlər. Bildirilir ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür.

Məsələ ilə bağlı mövqeyini açqılayan millət vəkili Fazil Mustafa deyib ki, din və media münasibətlərində media daha həssas və ehtiyatlı olmalıdır: “İlk növbədə dini biliklərə malik şəxslər bu sahədən yazmalı və maarifləndirmə işlərini həyata keçirməlidir. Media heç bir halda hər hansı dini ayrıseçkiliyə, dinlərarası münasibətlərin qızışmasına imkan verməməlidir. Bu sahədə yazılar yazarkən hər kəs diqqətli olmalıdır”.

Dini ekspert Rəsul Mirhəşimli isə hesab edir ki, Yaxın Şərqdə baş verən proseslər medianın bu proseslərə geniş yer verməsinə səbəb olub: “Qeyd etmək lazımdır ki, bu mövzuları işıqlandıranda media ilk növbədə düzgün maarifləndirmə işini təşkil etməlidir. Bəzən radikal qrupların fəaliyyətini dinlə əlaqələndirmək meylləri özünü göstərir. İslam dini bir nəfərin öldürülməsini bütün bəşəriyyətin öldürülməsinə bərabər tutur. Dinin bu hikməti ilə yanaşdıqda Yaxın Şərqdəki radikal dini qrupların ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin əlində alət olduğu aydın görünür. Ona görə də milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Bu baxımdan, jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər. Media dini mövzularda yazanda xüsusilə diqqətli olmalı, radikal qrupların fəaliyyəti ilə dinin əsl mahiyyəti arasında əlaqənin olmamasını düzgün çatdırmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycan toleriant ölkədir: “Uzun əsrlərdir ki, bu coğrafiyada müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində rahat yaşayır. Bu qarşılıqlı anlaşmanın təbliğində və inkişaf etdirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də geniş fəaliyyət proqramı həyata keçirir. Dövlət-cəmiyyət münasibətlərinin düzgün formalaşmasında və görülən işlərin cəmiyyətə çatdırılması üçün bu qurum müntəzəm tədbirlər planı həyata keçirir və vətəndaşları maarifləndirir”.

Qeyd edək ki, bir çox hallarda dini ekspansiyaların Azərbaycanın milli adət-ənənələrinə, mənəvi dəyərlərinə zidd elementlərin gətirildiyinin şahidi oluruq. Belə ki, bir dini cərəyan hansı ölkədən ixrac olunursa, həmin ölkənin ailə, məişət və mədəniyyəti din adı altında birbaşa və şüuraltı formada cəmiyyətimizə ötürülür. Bu məsələdə mətbuat daha ayıq olmalı və belə halların qarşısını almaq üçün ciddi maarifləndirmə işləri aparmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov bununla bağlı dəfələrlə həyəcan təbili çalıb və medianı bu işdə aktiv olmağa səsləyib. G.İsmayılov dini mövzuda keçirilən istənilən toplantıda ölkəmizə ixrac olunan dini cərəyanlar zamanı Azərbaycanın mill və mənəvi dəyərlərinə, mədəniyyətinə, məişətinə zidd olan halların qarşısının alınmasında medianın roluna diqqət çəkib: “Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər fəaliyyətlərini dinin düzgün təbliğində milli adət-ənənələrimizə uyğun şəkildə qurmalıdırlar”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da dini sahədə formalaşmış Azərbaycan modelinin qorunub saxlanması, təbliği və dünyaya çatdırılmasında medianın böyük rolunun olduğunu bildirib: “Media mənsubları dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Media təmsilçiləri yazılarında tarixən ölkəmizdə formalaşan dözümlülük, tolerant münasibətləri önə çəkməli, milli adət-ənənələrimizə, mənəviyyatımıza, mədəniyyətimizə zidd hallarda diqqətli olmalıdırlar. Yazılarda bu sahədəki zəngin təcrübə təbliğ edilməlidir. Uzun əsrlər boyu ən kiçik, fərqli dini inanca malik icmaların heç bir təqibə və diskriminasiyaya məruz qalmadan fəaliyyəti geniş əks olunmalıdır. Məsələn, azsaylı xalqlara - bir neçə yüz nəfərlik katoliklərə, udinlərə, eyni zamanda yəhudilərə, provaslavlara, hətta krişnaid kimi inanclı insanlara necə geniş imkanlar yaradıldığı, sərbəst ibadətlərini etmək üçün ibadət ocaqları ilə təmin edilməsi, kilsələrin dövlət tərəfindən təmiri, büdcədən maliyyə vəsaitinin ayrılması kimi məsələlər işıqlandırılmalıdır”.

Bəli, göründüyü kimi, din məsələsində medianın üzrənə kifayət qədər böyük və məsuliyyətli iş düşür. Odur ki, biz - media təmsilçiləri din mövzusunda diqqətli olmalı, milli-mənəvi və dini dəyərlərimizi düzgün təşviq etməli, onun fəlsəfəsini ictimaiyyətə düzgün çatdırmalıyıq. Antiazərbaycan qüvvələrin ölkəmizdə formalaşan bu dini dəyərləri və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə qarşı birgə müqavimət göstərməliyik.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az