XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
19:35
595
28
Iyul
19:35



Saxta xəbər və şayiə ilə mübarizə: Hüquqi müstəvi aktuallaşır - TƏHLİL

Son günlər xüsusilə sosial mediada və bəzi saytlarda Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, süni gərginlik yaratmaq üçün şayiələrin tirajlanması yenidən aktuallaşıb.

Baş Prokurorluq şayiələri tirajlayan bir neçə nəfəri dəvət edərək, onlara xəbərdarlıq edib, bir nəfər barəsində isə 1 aylıq inzibati həbs tədbiri seçilib. Bu qərarı doğru hesab etmək olarmı? Dezinformasiya, saxta xəbər (fake news), heç bir ciddi mənbəyə əsaslanmayan informasiya yayanlarla bağlı hüquqi müstəvinin aktuallaşdırılması vacib məsələdir.

Kiçik araşdırma aparanda aydın olar ki, sosial şəbəkələrdə şayiə yayılmasında iştirak edənlərin mütləq əksəriyyəti informasiya təhlükəsizliyi, xəbər prinsipləri, obyektivlik, balanslılıq, dəqiqlik kimi qaydaları nəinki qorumaqdan uzaq şəxslərdir, onlar ümumiyyətlə, bu prinsiplərin varlığından xəbərsizdir.

 

Əhalinin daha çox istifadə etdiyi, siyasi konyuktur şəxslərin həvəsli olmadığı “Tik-tok”, “Instagram” kimi sosial şəbəkələrdə daha çox şou biznes adamları, modellər, kulinariya, fashion sahəsində tanınmış (amma heç o sahədə də nəzəri məlumata, peşəkar fəaliyyətə malik olmayan), daha çox öz şəxsi hekayəsi ilə məşhurlaşmış şəxslər blogerlik edirlər. Bu şəxslər çox böyük məmnuniyyətlə qonum-qonşudan eşitdiklərini, bəzən isə məlumatın yayılmasında maraqlı olan şəxslərin yönəltməsi ilə strateji (onların çoxu bu sözün mənasını anlamayacaq) əhəmiyyəti barədə təsəvvürləri olmayan məlumatı tirajlayırlar.

Xəbərdə qeyd olunan məlumatı tam fərqli istiqamətdə şərh etməklə onu sosial mediada manipulyasiya edirlər və xəbərin mahiyyətini dəyişirlər

Bunu bəzən “özlərini informasiyalı şəxs” kimi göstərmək üçün edirlər. Məsələn, guya “tanış MAXE bunlara ordudakı əməliyyat” barədə məlumat ötürdü.

Bu cür adamların bizim sosial media seqmentində məşhur olmağının səbəbləri çox qədim və dərindir, hətta başqa yazının mövzusudur.

İndiki reallıq budur ki, xüsusilə “Tik-tok” və “Instagram”da kütləvi məlumat ötürücüsü rolunu oynayan blogerlərin mütləq əksəriyyətinin informasiya ötürülməsinin əhəmiyyəti və məsuliyyəti barədə anlayışları yoxdur. Onlar yumşaq halda bunu bilmədən, tirajlı olmaq üçün edirlər. Bəzən isə informasiya manipulyatorlarının istifadə aləti olurlar.

“Youtube”, “Facebook” və saytlar haqqında isə eyni məsumluqla danışmaq mümkün deyil. Burda daha çox siyasi mövqeli, bilərəkdən məlumatı manipulyasiya edənlər aktivlik edirlər. Onlar çox asanlıqla izləyici targetini manipulyasiya edirlər. Bu zaman isə hansısa bir xəbərə əsaslanırlar. Xəbərdə qeyd olunan məlumatı tam fərqli istiqamətdə şərh etməklə onu sosial mediada manipulyasiya edirlər və xəbərin mahiyyətini dəyişirlər. Belə edənlərin arasında çox təəssüf ki, əksəriyyət özünü hansısa sayt, internet TV və ya blog yazarı kimi təqdim edən şəxslər olur. Bunlar təkcə gündəmdə qalmağı və ya özləri barədə daha çox danışılmasını hədəfləmirlər. Cəmiyyətdə ayrı-ayrı tanınmış şəxslərə, məmurlara, ictimai xadimlərə, millət vəkillərinə qarşı kampaniya yaradırlar. Kontekstdən çıxarılan fikir yayılır, fikrin müəllifi kimi təqdim edilən şəxs linç kampaniyasına məruz qoyulur. Daha sonra linç edilən şəxs (lər) nə qədər açıqlama versələr də, əleyhdarları zaman-zaman bu qara piardan ona qarşı istifadə edirlər.

Əvvəlcədən alınan sifariş və pul müqabilində konkret şəxs, qurum gözdən salınır, linçə məruz qoyulur

Burda iki detal diqqəti çəkir:

Birinci, belə hallarda sosial media istifadəçiləri mənbə, fakt tələb etmirlər. Daha çox saxta profil arxasında gizlənmiş köhnə düşmənlər öz kinlərini qusmağa münbit şərait tapırlar.

İkinci diqqət çəkən məqam isə bu cür kampaniyaların son vaxtlar intensivləşməsidir. Çox maraqlı müşahidədir ki, bu cür fake nyus kampaniyalarını aparanlar heç də hakimiyyət çevrələrinə yad adamlar olmurlar.

Bu cür böhtan kampaniyalarında digər məqsəd isə əlbəttə ki, şantaj və reketlikdir.

Burada iki hal müşahidə olunur:

Birinci hal, əvvəlcədən sifariş və pul almaqla konkret şəxsə qarşı qarayaxma kampaniyası etməkdir. Təəssüflə demək lazımdır ki, bu məsələdə də əsas maraq qrupu da, hədəf qrupu da məmurlar və tanınmış şəxslər olur. Bir-birini gözdən salmaq üçün aparılan kampaniyalarda durmadan yaradılan və bir neçə fərqli mərkəzdən idarə olunan virus saytlar, həmçinin eyni prinsiplə fəaliyyəti stimullaşdırılan və həmin virus saytlardakı informasiyaları yayan sosial media aktivistləri iştirak edirlər. Əvvəlcədən alınan sifariş və pul müqabilində konkret şəxs, qurum gözdən salınır, linçə məruz qoyulur.

Şantaj mediasının ikinci tərəfi isə yazıb və ya anons verib sonra rüşvət qarşılığında "silsilə yazı və efir proqramlarını" dayandıran və ya silənlərdir. Onların ritorikası təxminən bu cür olur: “Məndə filankəs haqqında şok məlumat var. Deyərdim, amma bu dəfə demirəm, gələn dəfə deyəcəm”.

Məmur, tanınmış şəxs bu şantaj anonsa “həssas yanaşanda” “gələn dəfə” olmur.

Nəticə ondan ibarət olur ki, fake news cəmiyyətdə yayılır, durdurulmayan şantaj mediası və aktivistliyi başqalarını da ruhlandırır.

Fake news, mənbəyə istinad, məlumata münasibətdə dürüstlük və vicdanlılıq, mənbə araşdırması orta məktəblərdən tədris olunmağa başlanılmalıdır

Zərərçəkənin açıqlaması və ya rəsmi açıqlama isə əksər hallarda effektli olmur və atılmış böhtanın tamamilə aradan qaldırılmasına kömək etmir. Həm də bu cür şayiə tipli məlumatlar və hədə-qorxu, təhqirlər, əksər hallarda ailə üzvləri ilə bağlı yayılan qeyri-etik şayiələrlə bağlı açıqlama vermək özü absurddur. Təsəvvür edin, kiminsə barəsində yazılır: “Filankəs əclafdır”. O isə açıqlama yayır: "Mən əclaf deyiləm". Nə qədər absurd olar, eləmi?

Açıqlama, təkzib, aydınlaşdırmaya o zaman ehtiyac yaranır ki, fakt var, amma onun hər hansı bir detalı doğru yazılmayıb, deyilməyib.

Bəs bu problemlə daha effektli mübarizə üçün nə etmək lazımdır?

Təbii ki, ilk növbədə məlumat savadlılığını artırmaq lazımdı. Cəmiyyəti sosial şəbəkədə, internetdə qarşısına çıxan hər mənbəyə ciddi yanaşıb, istinad etməməyə öyrətmək labüddür.

İnformasiya rəsmi mənbələrdə, tanınmış informasiya agentliklərində, ciddi saytlarda olanda bu xəbəri tirajlamaq lazımdır.

Fake news, mənbəyə istinad, məlumata münasibətdə dürüstlük və vicdanlılıq, mənbə araşdırması orta məktəblərdən tədris olunmağa başlanılmalıdır. Çünki indi mənbə ilə yalnız jurnalistlər, alimlər deyil, axtarış sisteminə çıxışı olan hər kəs işləyir. Sovet dövrünün "qəzetdə yazılıbsa, doğrudur" ideoloji təlqininin şüuraltından silinməsinə ehtiyac var. İnternetdə rast gəlinən nəinki hər şey doğrudur, hətta mütləq əksəriyyət yalandır.

İkinci yol və müstəvi isə hüquqi müstəvidir. Şər-böhtan, təhqir, saxta xəbərlə işgüzar nüfuzu, şəxsi həyatı zədələnmiş şəxslərin, cəmiyyətdə ajiotaj, süni gərginlik yaradan, şayiə ilə manipulyasiya edən şəxslər barədə hüquqi müstəvidə müraciət etməsi lazımdır. Amma burda bir istisnanı xüsusilə qeyd etmək vacibdir: hüquqi müstəvidə mübarizənin stimullaşdırılması heç bir halda məmurlara və tanınmış şəxslərə sui-istifadə imkanı tanımamalıdır.

Hazırkı situasiyada bir məmura, tanınmış şəxsə şər-böhtan deyilir, barəsində saxta xəbər yayılır. Açıq demək lazımdır ki, cəmiyyət də, elə bu şəxslərin tabe olduqları strukturlar da əksər vaxt barəsində şayiə yayılan şəxsdən bunun belə olmadığını sübut etməyi tələb edir. Amma hüquqda qayda əksinədir: sözü deyən, məlumatı yayan onun doğru olduğunu, böhtan atmadığını sübut etməyə borcludur, fakt təqdim etməlidir. İndiki halda Azərbaycanda əksi olur: böhtan atılandan, barəsində saxta xəbər yayılandan sübut tələb olunur. Nə üçün?

 

Məsələ doğru hüquqi ardıcıllığa yönəlsə, məhkəmə orqanları da, cəmiyyət də böhtan atılandan yox, böhtan atandan bunu sübut etməyi tələb eləməlidir. Amma öncə hüquqi müstəvidə mübarizəyə inanmaq lazımdı. Məsələ hüquqi müstəvidə obyektiv araşdırılsa, böhtan atılan yox, böhtan atan cəmiyyətdən sərt təpki görsə, mənzərə dəyişəcək. Özü də qısa zamanda...


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.