Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Bundan sonra məni həbs etməyə çalışdılar" - Kamran Əliyev


"Bundan sonra məni həbs etməyə çalışdılar" - Kamran Əliyev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Bundan sonra məni həbs etməyə çalışdılar" - Kamran Əliyev

"Mixail Qorbaçovun ən böyük səhvi Bakıya ordu hissələri yeridib yüzlərlə vətəndaşımızın qanını tökməsi olub".

Xəbəroxu.Az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev "Xalq qəzetinin "Heydər Əliyev xatirələr işığında" layihəsi çərçivəsində verdiyi müsahibəsində bildirib.

O vurğulayıb ki, Ulu Öndər Moskvada çalışdığı qısa müddət ərzində bütün Sovet İttifaqında öz prinsipiallığı, işgüzarlığı, qayğıkeşliyi ilə insanların böyük rəğbət və sevgisini qazanmışdı: "Həmin dövrün bir çox görkəmli dövlət xadimlərinin, dünyanın məşhur siyasətçilərinin, onunla ünsiyyətdə olmuş ziyalıların xatirələrində dahi rəhbərin zəngin erudisiyası, qeyri-adi yaddaşı, siyasətin, iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrinə nüfuz etmək bacarığı, xarizması heyranlıqla qələmə alınmışdır. Heydər Əliyev qeyri-adi zəkası, kreativliyi, başladığı işin nəticəsini öncədən görə bilməsi, yüksək idarəçilik məharəti, təşkilatçılıq qabiliyyəti və bir çox üstün şəxsi keyfiyyətləri ilə Siyasi Büronun bütün üzvlərindən seçilirdi. Təbii ki, bütün bunlar Kremlin bəzi “sakinlərində” ona qarşı paxıllıq, həsəd oyadırdı".

Kamran Əliyev qeyd edib ki, həmin illərdə Rusiyada tələbə olub: "Yaxşı bilirsiniz ki, tələbələr bütün dövrlərdə cəmiyyətin ən aktiv təbəqəsi hesab ediliblər. Biz aydın görürdük ki, xalq, ittifaqın ziyalı ictimaiyyəti Andropovdan sonra SSRİ rəhbərliyində Heydər Əliyevi görmək istəyirdi. Əlbəttə, Kremldə özünü Baş katib postu kürsüsündə görən Siyasi Büronun bir çox üzvləri də bunu yaxşı bilirdilər və bu da onlarda qıcıq yaradırdı. Xüsusilə Çernenkonun ölümündən sonra özünü Kremlin sahibi kimi görən Mixail Qorbaçov Heydər Əliyevə olan paxıllığını, həsədini gizlədə bilmirdi.”

Baş Prokuror söyləyib ki, Qorbaçov hakimiyyətə gələndən sonra belə, Baş katib olmasına baxmayaraq, yenə Heydər Əliyevin kölgəsindən çıxa bilmirdi: "Heydər Əliyevin xarizması, nüfuzu və ona olan xalq sevgisi Qorbaçovu rahat buraxmırdı. İkinci tərəfdən, Heydər Əliyev bir çox məsələlərdə Siyasi Büronun toplantılarında Qorbaçovun verdiyi qərarların düzgün olmadığını açıq bəyan edir və onlarla razı olmadığını söyləyirdi. Bu da Qorbaçovun sərbəst hərəkət etməsinə mane olurdu. Ona görə də onun diktəsilə Heydər Əliyevə təzyiqlər başladı. Açıq deyək ki, müsəlman-türk dünyasının lideri kimi beynəlxalq aləmdə nüfuzu getdikcə artan Heydər Əliyevə qarşı bütün bu ədalətsizliklər, nəhayət, onun 1987-ci il oktyabr plenumunda öz ərizəsilə istefaya getməsinə səbəb oldu. Hakimiyyətdən gedəndən sonra ona qarşı çirkin kampaniyaların başlaması da təsadüfi deyildi. Bilirsiniz ki, Mixail Qorbaçov karyerasının ən böyük strateji səhvinə yol verdi və Bakıya ordu hissələri yeridib yüzlərlə vətəndaşımızın qanını tökdü. Siyasi Büroda heç kim Qorbaçovun bu qanlı aksiyasına etiraz edib kəskin fikir söyləməyə cəsarət etmirdi. Belə bir məqamda Qorbaçov hakimiyyətinin təqibi altında olan Heydər Əliyev yenidən meydana çıxdı. Xalqın faciəsinə biganə qala bilməyən Ulu Öndər ailə üzvləri - oğlu, Prezident İlham Əliyev və qızı Sevil xanımla birgə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qorbaçovun göstərişi ilə Bakıda törədilmiş kütləvi qırğına tarixi qiymət verdi, faciənin əsl səbəbkarlarını və təşkilatçılarını sərt ittiham etdi. Ulu Öndərin məhz bu cəsarətli addımı Qorbaçov və onun əlaltılarının Heydər Əliyevə qarşı yenidən çirkin böhtan kampaniyasına başlamalarına səbəb oldu. Ulu Öndər özü bunu sonralar çıxışlarının birində belə açıqlamışdı: “1990-cı ildə Azərbaycana qarşı bir təcavüz edildi. Mən o vaxt Moskvada bununla əlaqədar keçirilən mitinqə getdim. Orada Qorbaçovun, Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə sözlər dedim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar, qəzetlərdə mənim əleyhimə yazılar yazdılar...”

Son Xəbərlər