Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu gün Vaqif Mustafayevin 70 yaşı tamam olur


Bu gün Vaqif Mustafayevin 70 yaşı tamam olur
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu gün Vaqif Mustafayevin 70 yaşı tamam olur

Bu gün tanınmış kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin 70 yaşı tamam olur.

Xeberoxu.Az-ın məlumatına görə, rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır.

Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib.

Vaqif Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" (rus. Так надо) qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə "Mosfilm" kinostudiyasının festivalında onun "Musiqili xaş"  "Ən yaxşı ssenariyə gorə" mükafatlandırılıb.

O, 1985-ci ildə "Bəyin oğurlanması" kinokomediyasını çəkib.

Vaqif Mustafayevin 1988-ci ildə ərsəyə gətirdiyi "Yaramaz" filmi 1989-cu ildə Neapol-Sorrento Beynəlxalq kinofestivalında Qran-pri mükafatına – "Vittorio De Sika adina Qızıl Medalı"a, həmçinin Bolqarıstanın Qabrovo şəhərində Beynəlxalq komediya filmləri kinofestivalında "Çarli Çaplinin qızıl əsası" mükafatına layiq görülüb. Dünya şöhrətli kinorejissor Bernardo Bertoluççi "Yaramaz"ı dünya üzrə ən çox bəyəndiyi 35 filmin siyahısına daxil edib.

Vaqif Mustafayevin 1991-ci ildə çəkdiyi "Nakəs" bədii filmi Tiflisdə "Qızıl Qartal" Beynəlxalq kinofestivalının iki əsas mükafatını və Türkiyədə "Avropa Türk – İslam Kültür birliyi"nin Qızıl medalını qazanıb. 1990-cı ildə ""Yapon" və yaponiyalı" qısa metrajlı, 1993-cü ildə "Fəryad" , 1994-cü ildə "Ləqəbi "İKA"dır"  bədii filmlərinin ssenarisini yazıb.

1997-ci ildə "Hər şey yaxşılığa doğru" (rus. Все к лучшему) filmi A kateqoriyalı Oberxauzen (Almaniya) Beynəlxalq kinofestivalında dörd mükafata layiq görülüb. Hazırda "Hər şey yaxşılığa doğru" filmi Oberxauzen kino muzeyində qorunur. 1998-ci ildə Sankt-Peterburqda keçirilən Beynəlxalq kinofestivalında film münsiflər heyətinin Xüsusi Mükafatına layiq görülüb. Film Texasda nəşr edilən dünyanın ən yaxşı filmləri kataloquna daxil edilib. 2001-ci ildə İstanbulda görkəmli İtalyan rejissoru Ettore Skolanın sədrliyi ilə keçirilən film festivalında "Hər şey yaxşılığa doğru" ən əsas mükafatlardan birinə "Qızıl Atilla" mükafatına layiq görülüb. 

1998-ci ildə Vaqif Mustafayev "Fransız" və "Yerlə göy arasında" filmlərini çəkib. 2004-cü ildə çəkdiyi "Milli bomba" (rus. Национальная бомба) filmi A kateqoriyalı Moskva Beynəlxalq kinofestivalının nominantı olub. Rusiyanın Smolensk şəhərində keçirilən Beynəlxalq kinofestivalda Qran-pri mükafatına layiq görülüb. Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq kinofestivalda "Milli bomba" filmi "Müqəddəs Kliment Oxridski" adına mükafata layiq görülüb. 2006-cı ildə çəkdiyi 8 seriyalı "Yoxlama" (rus. Проверка) bədii filmi Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatını qazanıb.

Vaqıf Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu filmlərdən üçü "Əsl məhəbbət haqqında" , "Bir həsədin tarixi" və "Xüsusi təyinat " filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb.

2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir" (rus. Жизнъ как будто хороша) bədii və "Fikrət Əmirov" bədii-sənədli filmlərini ərsəyə gətirib. "Həyat, deyəsən, gözəldir" filminə görə Türkiyədə keçirilən "Korkut Ata" Beynəlxalq kinofestivalında "Türk dünyasının ən yaxşı rejissoru" adına layiq görülmüşdür.

Bir çox beynəlxalq kinofestivallarda jüri sədri olan Vaqif Mustafayev Ali Attestasiya Komitəsi tərəfindən professor elmi adına layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğundan dərs deyir.

27 may 1991-ci ildə "Yaramaz" bədii filminə görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş Vaqif Mustafayev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına da layiq görülüb.

28 avqust 2013-cü ildə Vaqif Mustafayevə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilmişdir.

2003-cü ilin 27 avqustunda Vaqif Mustafayev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Ulu Öndər Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişdir.

9 sentyabr 2004-cü ildə Vaqif Mustafayev Gürcüstan Prezidentinin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilmişdir. 

1 avqust 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Vaqif Mustafayevə "Xalq artisti" fəxri adı verilmişdir.

28 avqust 2013-cü il Vaqif Mustafayevə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilmişdir.

2 sentyabr 2013-cü ildə Serbiya prezidenti Tomislav Nikoliçin qərarı ilə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə "Serbiya bayrağı" ordeni ilə təltif edilmişdir.
 
Vaqif Mustafayev 8 may 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunmuşdur.

1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Şərəf" ordeni ilə təltif olunmuşdur.

Vaqif Mustafayev 2005-ci il Rusiya Milli Kinematoqrafiya Elmləri və İncəsənəti Akademiyasının Qızıl Medalı, 12 aprel 2013-cü il Belqrad Filmotekasının "Dünya kinematoqrafiyasına verdiyi töhfələrə görə" mükafatına layiq görülmüşdür.

15 sentyabr 2013-cü il Bolqarıstan "Slavyanska Prikazka" kinofestivalının "Dünya kinosuna verdiyi töhfələrə görə" mükafatına, 27 avqust 2013-cü il kino sənətinin inkişafındakı xidmətlərinə görə Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülmüşdür.

31 iyul 2017-ci ildə Ukrayna KİV İşçiləri Assosiasiyası tərəfindən "Согласия" Qızıl Ordeni ilə təltif olunmuşdur.

2017-ci ildə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Vaqif Mustafayev Milli Kino mükafatına layiq görülmüşdür.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Son Xəbərlər