Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ballıqaya qətliamından 31 il ötür


  • 0
Ballıqaya qətliamından 31 il ötür
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ballıqaya qətliamından 31 il ötür

Bu gün Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun Goranboy rayonunun Ballıqaya kəndində dinc əhaliyə qarşı soyqırımından 31 il ötür.

Xeberoxu.Az-ın məlumatına görə, soyqırımı nəticəsində 24 nəfər şəhid, 5 nəfər ağır yaralı, 4 nəfər isə yüngül xəsarət alıb.

1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar.

Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.

Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu.

Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

" 1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq.
Züleyxa Abdullayeva "

Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı.

Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

Son Xəbərlər