Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Bir millət, iki dövlət, bir yumruq"- Dünyada yeganə nümunə


"Bir millət, iki dövlət, bir yumruq"- Dünyada yeganə nümunə
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Bir millət, iki dövlət, bir yumruq"- Dünyada yeganə nümunə

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost münasibətlərinə malik digər ölkələr tapmaq mümkün deyil. İki ölkə çətin gündə də, xoş gündə də daim bir-birinin yanında olub. Getdikcə bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türkiyə 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu, hər cür mənəvi dəstək göstərdi. Qardaş ölkədə ötən ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk olaraq köməyə gedən məhz Azərbaycan oldu. Həm dövlətimiz, həm xalqımız əlindən gələn bütün dəstəyi türk qardaş və bacılarına göstərdi.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin uğurlu fəaliyyəti bölgədəki inkişafa böyük təsir göstərir. Digər iri bir layihənin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bu layihə başa çatdıqdan sonra yeni salınmış dəmiryolu həm Türkiyəni Azərbaycanla, həm də Avropanı Asiya ilə birləşdirəcəkdir. Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir.

Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir. Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.

Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. “Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır.

Beləliklə, indiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haq səsinin çarçısı olmuşdur.
Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətləridir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Şübhə yoxdur ki, günümüzdə Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin ağır sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərib.

Türkiyə tarixinin son 25 ilinə diqqət yetirsək, dövlətçilik baxımdan çox qısa hesab edilən bu zaman kəsiyində Cümhuriyyət tarixinin ən zəif və ən güclü paradoksuna şahidlik edərik. Əgər 2003-cü ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısamüddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita və iqtisadi böhranlarla xarakterizə olunurdusa, Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlandı. Xüsusilə Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyran edir. Digər sevindirici xəbər isə Türkiyənin dünyanın ilk hərbi PUA gəmisi - "TCG Anadolu"nu istifadəyə verməsidir. Gəmi orduda xidmətə tam hazırdır. Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini hər il artırır. Belə ki, 2023-cü ildə bu sahəyə 468,7 milyard türk lirəsi (25.2 milyard dollar) ayrılıb. Halbuki, bu vəsait 2019-cu ildə 20,6 milyard dollar, 2021-ci ildə isə 15,4 milyard dollar olmuşdu.

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dostluğun, qardaşlığın möhkəmlənməsinə xidmət edir.
Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Bu gün Azərbaycan Türkiyə qardaşlığı bütün dünyaya nümunədir. Bu dostluq, qardaşlıq dayaqları isə ölkə Prezidentlərinin səmimi qardaşlıq münasibətləri, xalqlarımızın tarixi, ortaq mədəniyyəti və mədəni dəyərləridir.

Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.

Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Çünki bu iki qardaş xalqın hədəfi dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri var. Onların şəxsi təşəbbüsləri də dövlətlər arasındakı əlaqələrə müsbət təsir edir.

Hər iki liderin münasibətləri Azərbaycan-Türkiyə əlaqələrini elə gücləndirib ki, bütün dünya bu müttəfiqliyə qibtə edir.
Azərbaycan–Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq,dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə xalqları üçün birgə inkişaf yolu, irəliyə aydın baxış fəlsəfəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik kəlamına cənab Prezident İlham Əliyev daha bir müdrik ifadə əlavə edib. "Bir millət, iki dövlət, bir yumruq". Bəli, həqiqətən də Azərbaycan və Türkiyə həm bir millət, həm də tək yumruqdur.
 
Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha bütün dünyaya bəyan etdi.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir.

Rəşadətli Zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə bütün imkanları ilə qardaş köməyi göstərir.

Bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla qeyd etmək istərdim ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək.

Yaşasın Türkiyə -Azərbaycan birliyi!
Yaşasın Türkiyə -Azərbaycan qardaşlığı!

Fərahim Rəhimzadə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi 

Son Xəbərlər