Gündəlik məzənnə

9 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

3 türk ölkəsi böyük prosesə start verir – XXI əsrin hadisəsi baş verə bilər


3 türk ölkəsi böyük prosesə start verir – XXI əsrin hadisəsi baş verə bilər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

3 türk ölkəsi böyük prosesə start verir – XXI əsrin hadisəsi baş verə bilər

3 türk ölkəsi böyük prosesə start verir – XXI əsrin hadisəsi baş verə bilər
 
Xeberoxu.Az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyəyə səfər edib. 25-26 oktyabr tarixlərini əhatə edən səfər Berdiməhəmmədovun qardaş ölkəyə ilk rəsmi səfəri idi.

Qeyd etmək lazımdır ki, Türkmənistan Şimali Koreyadan sonra dünyanın ikinci ən qapalı ölkəsi hesab edilir. Bu ölkə xarici siyasətdə də ehtiyatlı və kövrək davranış sərgiləyir. Buna baxmayaraq Türkiyə və Azərbaycan hazırda Türkmənistanla ən sıx xarici siyasət aparan ölkədir.

Türkmənistan TDT-nin müşahidəçi üzvüdür və tamhüquqlu üzvü olması üçün işlər gedir. Geosiyasi mövqeyi, enerji resurslarının zənginliyi, Xəzər sahilində yerləşməsi və digər türk respublikaları ilə sərhədinin olması bu ölkəni Bakı və Ankara üçün vacib edir.

Təsadüfi deyil ki, Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələrini əhatə edən 13 müqavilə imzalanıb. Xüsusilə enerji sahəsində imzalanan müqavilələr diqqət çəkir.

Əslində, Berdiməhəmmədovun Türkiyəyə səfəri, liderlər arasında görüş böyük ölçüdə türkmən qazının Avropa bazarına çıxarılmasına həsr edilmişdi. Bunu hər iki dövlət başçısının Ankarada keçirdiyi birgə mətbuat konfransında dedikləri də təsdiq edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb. Türkmənistan da, Azərbaycan da bu prosesə daxildir”.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə bildirib ki, Türkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artırmaq barədə razılığa gəliblər.

“Biz Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bu tranzit sahəsində əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarşılıqlı maraqlara uyğun olaraq yeni istiqamətlər yaradıla bilər”, – Berdiməhəmmədov deyib.

Türkmən qazının dünya bazarına çıxarılması indiki məqamda Bakı-Ankara-Aşqabad üçün ortaq strateji hədəfdir. Bu məsələ hər nə qədər tərəflərin ortaq strateji hədəfi olsa da, ayrı-ayrılıqda maraqları da var.

Türkmənistan dünyanın dördüncü ən böyük qaz istehsalçısı olan ölkədir. Bu ölkənin 25,213 trln. kubmetr qaz rezervi var. Rəsmi Aşqabad bu qazı Avropa bazarına çıxarmaq istəyir. Bunun üçün isə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq şərtdir. Türkmənistan buna isti baxır. Türkiyənin Türkmənistan və Azərbaycan kimi enerji resursları yoxdur. Bundan başqa, rəsmi Ankaranın təbii qaza tələbatı tarixi pik həddə – illik 60 milyard kubmetrə çatıb. Ankara hər iki ölkənin təbii qazının Türkiyə üzərindən Avropa bazarına çıxarılmasında maraqlıdır. Bu həm Ankaraya daxili enerji təminatını ödəmək, həm də Avropaya alternativ təzyiq imkanları yarada bilər.

Bundan başqa Ankara-Bakı-Aşqabad üçlü əməkdaşlığı TDT-nin inkişaf etməsi və tədricən Aİ modelinə keçidi baxımından mühüm irəliləyiş ola bilər.

Azərbaycana gəldikdə isə rəsmi Bakı Avropanın alternativ enerji təminatçısı rolunu üzərinə götürmək istəyir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və Qərbin Moskvaya sanksiyalar tətbiq etməsi enerji böhranını yaradıb.

Qərb mövcud enerji böhranından çıxmaq və Rusiya qazına olan ehtiyacı azaltmaq üçün alternativ ölkələrə müraciət edir. Azərbaycan da belə ölkələrdəndir. Lakin Azərbaycan Avropanın alternativ enerji təminatçısı olmaq istəyirsə, bunu təkbaşına, öz təbii ehtiyatları ilə edə bilməyəcəyini anlayır: buna görə də Mərkəzi Asiyanın neft və qazla zəngin ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə daim maraqlıdır.

Prinsip etibarilə Türkmənistan Azərbaycana İran vasitəsilə ildə 3 milyard kubmetrə qədər qaz nəql edir. Bu istiqamətdə iki ölkə arasında Svop müqaviləsi var. Lakin Bakı bu həcmi artırmaq istəyir.

İndiki məqamda türkmən qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çıxarılmasında yeganə problem Rusiyadır. Məsələ ondadır ki, türkmən qazının Azərbaycana Xəzər dənizi ilə çatdırılması üçün Transxəzər layihəsin baş tutmalıdır. Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml anlayır ki, Transxəzər reallaşsa, qazax, türkmən, özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarıya endirəcək.

Sərdar Berdiməhəmmədov mətbuat konfransında deyib ki, “Biz Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq”.

Görünür, həm Türkiyə, həm də Türkmənistan indiki məqamda Transxəzər layihəsinin icrasında maraqlıdır. Hətta bu istiqamətdə müəyyən razılıq da əldə olunub. Ankaranın öhdəsinə düşən məsələ isə Kremli bu layihənin icrasına razı salmaqdır. Əgər Türkiyə buna nail olarsa, bu, 21-ci əsrin ən böyük iqtisadi hadisəsi olacaq.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər