Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür": Milli Məclisin sədr müavini


"Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür": Milli Məclisin sədr müavini
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür": Milli Məclisin sədr müavini

Bu gün əli hər yerdən üzülən separatçılar beynəlxalq miqyasda rezonans doğurmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir, erməni diasporunun lobbiçilik etdiyi məlum Avropa institutlarının köməyi ilə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışır. Onların uğursuz aksiyası göstərdi ki, separatçılar məğlubiyyətə məhkumdurlar. Son nəticə hər şey prinsipi ilə çıxış edən erməni tərəfi "bədbəxt və əzabkeş artsaxlılar" şüarını gündəmdə saxlamağa, qadın fəalları, feministləri mübarizəyə qatmaqla insan haqları ilə bağlı Avropa institutlarının diqqətini bölgədə cərəyan edən hadisələrə yönəltməyə səy göstərirlər. Amma bu dəfə durum başqadır. Artıq bölgədə ərazi bütövlüyümüzü təmin edən qalib Ordu, beynəlxalq arenada iqtisadi gücü ilə milli maraqlarını həyata keçirən qüdrətli Azərbaycan dövləti və onun güclü lideri var.

Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli AZƏRTAC-a açıqlamasında bildirib.

“Azərbaycan və Ermənistanın mənzərəsini bir anlıq müqayisə edək, yerlə-göy qədər fərq var. Düşmən ölkə quyunun dibindədir. Ermənilər Qarabağ döyüşlərində rəzil günə düşmüşdülər, Ermənistanda indi baş verənlər isə bu ölkənin taleyinin qaranlıq olduğunu göstərir. Son BMT fiaskosunda ermənilər bunu anlamış olmalı idilər. Amma yenidən fransız ikiüzlülüyünə və rus hərbinə güvənib erməni xislətini ortaya qoyurlar. Bakıdan Xankəndiyə göndərilən yardım karvanının qarşısı rus sülhməramlıları tərəfindən alınır, əvəzində Fransanın yeni “humanitar təxribat”ına rəvac verilir. Baş verənlər bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir”, - deyə Milli Məclis sədrinin müavini deyib.

Azərbaycan tərəfinin Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazır olduğunu diqqətə çatdıran F.İbrahimli qeyd edib: “Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Bizim mövqeyimiz budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı atəş açır, mövqelərimiz atəşə tutulur. Ona görə də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən mülki insanların keçdiyini nəzərə alaraq Azərbaycan bu sərhəd postunda təhlükəsizliyi birtərəfli qaydada təmin etmək məsuliyyətini öz üzərinə götürüb. Bir məqamı da xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də ermənilərin hər hansı bəhanəsinə yer yoxdur”.

Milli Məclis sədrinin müavini bildirib ki, bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük önəm kəsb edir. Buna görə Azərbaycanın bu məsələdə mövqeyi qətidir: Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Ermənistan da, ona havadar olanlar da əmin olsun ki, Azərbaycan mövqeyindən geri çəkilən deyil, əksinə, son təxribatlar Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini yaratması istiqamətində arqumentlərini gücləndirir, belə ki, əsl blokadada qalan elə Naxçıvandır. Amma nədənsə Naxçıvanın blokadasından danışmaq məsələsinə gələndə Ermənistana havadar olanların qulaqları kar, gözləri kor, dilləri lal olur.

“Azərbaycan isə irəliyə baxır, Bakı üçün regional nəqliyyat və kommunikasiya blokadasının yarılması Zəngəzur dəhlizi paketinin içərisində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün artıq “Laçın dəhlizi deyilən anlayış yoxdur, əvəzində Zəngəzur koridoru olacaq” diktəsi var. Hətta o məntiq də doğur ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə əldə etdiyi razılaşmaları yaxın zamanlarda icra edəcəyinə cavab olaraq humanitar yük şousu ortaya atılıb. Ancaq bu təxribat Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə, Zəngəzur dəhlizi aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq. Bakı-Ağdam-Xankəndi marşrutunun ardınca növbəti addım Bakı-Zəngəzur-Naxçıvan yoludur”, - deyə F.İbrahimli qeyd edib.

AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ (AZƏRTAC)

Son Xəbərlər