Bişkekdə tarixi görüşün keçirilməsindən 28 il ötür
1995-ci il avqustun 28-də Bişkekdə Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə görüşü keçirilib
"Bizim respublikalarımız keçmişdə Sovet İttifaqına daxil olarkən həm iqtisadi baxımdan, həm də mədəni dəyərlərlə mübadilə baxımından, görüşlər keçirilməsi, bir-birinə nümayəndə heyətləri göndərilməsi baxımından daha sıx bağlı idilər. İndi bu əlaqələr zəifləmişdir. Amma biz istəyirik, Azərbaycan istəyir ki, bu əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi, bizi bu görüşə toplayan zəmini əsas tutaraq Azərbaycan istəyir ki, Mərkəzi Asiyanın bütün ölkələri ilə daha sıx iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq yaratsın və bu inteqrasiyaya daxil olsun". Bu fikri ümummilli lider Heydər Əliyev 1995-ci il avqustun 28-də Bişkekdə Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə toplantısındakı mətbuat konfransında bildirib.
Xatırladaq ki, Bişkekdə qırğız xalqının "Manas" dastanının 1000 illik yubiley tədbirində Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Əsgər Akayev iştirak edib. Türkdilli ölkələrin dövlət başçıları arasında ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar isə 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
Türkdilli Ölkələrin Dövlət Başçılarının 28 avqust 1995-ci il tarixdə Bişkek şəhərində keçirilən III Zirvə toplantısında ümummilli lider Heydər Əliyev bu dövlətlərin bir-biri ilə siyasi, iqtisadi münasibətlərini çox yüksək qiymətləndirmiş, görüş çərçivəsində Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür. Liderlər hər iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğunu bildirmiş, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da bəhs etmişdilər. Azərbaycan dövlətinin başçısı səfər zamanı Bişkekdə qırğız xalqının "Manas" dastanının minillik yubileyilə əlaqədar keçirilən şənliklərdə də iştirak etmiş və yığıncaqdakı çıxışında demişdi ki, "Manas"ı min il bundan əvvəl qüdrətli qırğız dövləti yaratmışdır. Bu gün qırğız xalqı yenidən müstəqillik əldə etmişdir, onun öz milli dövləti var. Ulu öndər onu da demişdi ki, vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək göstərməli, yardım əlimizi uzatmalı, parçalanmanın və təklənmənin qarşısını almalı, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməli, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik. Bütün bunlara görə tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi - bütün bunlar bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa imkan verir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında bütün sahələrdə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atmaqdadır. 2006-cı ildə Antalyada keçirilən Zirvə toplantısında türkdilli dövlətlərin parlamentlərinin bir araya gəlməsi ideyası irəli sürülmüşdü. Parlament Assambleyasının yaradılması ideyasının türkdilli dövlətlərin rəhbərləri tərəfindən dəstəklənməsi bu ideyanın gerçəkləşməsinə zəmin yaratdı.
Türkdilli ölkələrin Parlament Assambleyasının (TÖPA) sentyabrın 28-29-da Bakıda keçirilən ilk iclasında qurumun daimi katibliyi yaradılmış və Bakı Bəyannaməsi imzalanmışdı. TÖPA-nın ikinci ümumi iclasının 2010-cu ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Oktyabrın 2-3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev bildirmişdi: "Bu yaxınlarda Bakıda bizim birliyimizi daha da möhkəmləndirən önəmli hadisə baş vermişdir. Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci toplantısı keçirilmişdir. Bu da çox önəmli hadisədir. Bizim qanunvericilik orqanlarımız da bir-biri ilə daha sıx əlaqədə olacaqlar. Düzdür, ölkələrimizi təmsil edən deputatlar bu vaxta qədər bir-birilə daha sıx əlaqadə olmuşdur, müxtəlif beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq etmişlər... Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək, bizim xalqlarımız bundan ancaq fayda götürəcəklər".
Bəli, bu gün türkdilli dövlətlər arasında əlaqələr getdikcə genişlənir. Dövlət başçımızın qeyd etdiyi kimi, bundan isə qardaş ölkələrin xalqları faydalanır. Sözsüz ki, bu birlik, eyni zamanda dünya xalqları arasında mehribanlığın, əməkdaşlığın təmin edilməsinə də öz töhfəsini verir...
Zümrüd QURBANQIZI,
"Respublika"