Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gürcüstanda Qərbi Azərbaycana qayıdışla bağlı toplantı keçirilib


Gürcüstanda Qərbi Azərbaycana qayıdışla bağlı toplantı keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gürcüstanda Qərbi Azərbaycana qayıdışla bağlı toplantı keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılmasının əhəmiyyəti" mövzusunda dəyirmi masa keçirilib.

Xeberoxu.Az xəbər verir ki, tədbir Parlament Jurnalistlər Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.

Azərbaycanın Gürcüstandakı Səfirliyi, AZƏRTAC və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də tədbirin keçirilməsinə təşkilati dəstək göstəriblər. 

Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın üzləşdikləri problemləri, erməni cəlladların onların başına gətirdiyi müsibətləri əks etdirən fotolardan ibarət sərgi açılıb. 

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı məlumat verib. 

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti, bu konsepsiya ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.

Ardınca Azərbaycan səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən xarici ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiyası, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti barədə danışıb. O bildirib ki, konsepsiya Qərbi Azərbaycanlılarla bağlı məlumat bazasının yaradılması, dünya ictimaiyyətinin məlumatlandırılması və nəhayət Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması üçün geniş imkanlar yaradır. 

Daha sonra Parlament Jurnalistlər Birliyinin nümayəndəsi, "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının xarici mediada təbliği" layihəsinin rəhbəri Pərvin Məmmədova layihə barədə məlumat verib. 

Bildirib ki, layihə çərçivəsində bir müddət öncə bəzi xarici ölkələrin nüfuzlu media nümayəndələri Azərbaycana dəvət olunub və onlara konsepsiyanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, bir çox xarici mediada silsilə materiallar dərc olunub.

Diqqətə çatdırılıb ki, layihənin Gürcüstanda keçirilməsinin məqsədi bizə dost və qardaş ölkədə yaşayan soydaşlarımızın da məlumatlandırılmasına və eyni zamanda buradakı Qərbi azərbaycanlıların da konsepsiya ətrafında sıx birləşmələrinə nail olmaqdır. 

Qərbi Azərbaycanın Ağbabalı mahalından deportasiya olunmuş, hazırda Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində yaşayan Tahir Ələkbərov tədbirin təşkilinə görə minnətdarlıq edib. Bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə və bu gün məcburi köçkünlərin öz yurdlarına qayıtması bu ümidi daha da artırır. O, layihənin həyata keçirilməsini yüksək qiymətləndirib və soydaşlarımızın bu konsepsiya ətrafında sıx birləşəcəklərini vurğulayıb.

Tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov isə deyib ki, bu konsepsiya təkcə Gürcüstanda deyil, dünyadakı bütün soydaşlarımızın məlumatlandırılmasına təkan verəcək. O, Qərbi Azərbaycanlılarla bağlı vahid məlumat bazasının yaradılması istiqamətində işlərə başlamağın vacibliyini nəzərə çatdırıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov da çıxışında layihənin əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, Qərbi Azərbaycan İcmasının rəhbərliyini Gürcüstana səfərə dəvət edib. Bildirib ki, bu cür səfərlər və görüşlər Konsepsiyanın və layihənin əhəmiyyətini artıracaq, Gürcüstanda məskunlaşan Qərbi Azərbaycanlıların birliyinin möhkəmlənməsinə xidmət edəcək. O, həmçinin GAK-ın nəzdində Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının yaradılacağını diqqətə çatdırıb. 

Qərbi Azərbaycandan olan Vahirə Astanova Gürcüstanda Qərbi Azərbaycanlılar Birliyinin yaradılmasını təklif edib. Təklif razılıqla qarşılanıb.

Sonra Qərbi Azərbaycandan olan soydaşımız Fərhad Musayev, AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, hüquqşünas Mübariz Qarayev və başqaları çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. 

Son Xəbərlər