Pakistanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi və konsert keçirilib
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi və konsert proqramı təşkil edib.
Bu barədə Xəbəroxu.Az-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, tədbirdə Pakistanın müdafiə istehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Xeybər Paxtunxva Əyalətinin yerli idarəetmə, seçkilər və kənd inkişafı departamenti üzrə naziri Saval Nazir, senatorlar, xarici ölkələrin səfirləri, işadamları, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.
Təşkil olunan sərgidə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, habelə Pakistan İslam Respublikasına rəsmi səfərini əks etdirən fotolar nümayiş olunub.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirin açılış hissəsində çıxış edərək 10 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü olduğunu diqqətə çatdırıb.
Müasir Azərbaycanın tarixinin, onun inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran səfir Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründən söhbət açıb.
X.Fərhadov Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. Məhz o dövrdə ölkəmizin müstəqilliyinin möhkəm təməlinin qoyulduğunu, milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəlməyə başladığını qeyd edib.
Kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımların atıldığını, hər il yüzlərlə gəncin müxtəlif mühüm ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl universitetlərinə göndərildiyini qeyd edən səfir 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri olduğunu xüsusi vurğulayıb.
Azərbaycana rəhbərliyinin ikinci dövründən söz açan X.Fərhadov 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunduğunu bildirərək həmin dövrdə ölkəmizin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, həmçinin siyasi və iqtisadi tənəzzülün dərinləşdiyini qeyd edib.
Bu çətin dövrdə Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdıran səfir məhz Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin vətəndaş müharibəsi, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olunaraq dirçəliş yoluna çıxdığını xüsusi vurğulayıb.
X.Fərhadov çıxışı əsnasında Azərbaycan-Pakistan münasibətlərindən danışaraq bu əlaqələrin inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
Heydər Əliyevin Pakistana böyük əhəmiyyət verdiyini qeyd edən səfir Ümummilli Liderin 1996-cı ildə Pakistan rəsmi səfərini xatırladıb və bu səfərin Azərbaycan-Pakistan əlaqələrinin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərinə Prezident İlham Əliyev tərəfindən də xüsusi diqqət yetirildiyini bildirib və bu diqqətin bariz nümunəsi olaraq iki ölkə arasındakı yüksək səviyyəli əməkdaşlıq əlaqələrini qeyd edib.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən, xidməti fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra xanəndə Almaxanım Əhmədli tədbir iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Xalq mahnılarımız və muğamlarımızdan ibarət konsertdə xanəndəni tarda Məsim İslamov, kamançada isə Elvin Novruzov müşayiət edib.