Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür


  • 0
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür

Bu gün Xalq artisti, dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anım günüdür. Məşhur bəstəkar və pedaqoqun vəfatından 41 il ötür.

 Xəbəroxu.Az xəbər verir ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub.

Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur ailələrindən birinin nümayəndəsi olub.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olub.

Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.

İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948-ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.

Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.

Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir sıra yüksək dərəcəli SSRİ orden və medallarına layiq görülüb.

Qara Qarayev 1982-ci ilin bu günü, yəni mayın 13-də Moskva şəhərində vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Son Xəbərlər