Bu gün Qurban bayramıdır
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bu il bayram 28-29 iyun tarixlərinə təsadüf edir.
Bu gün məscidlərdə Bayram namazları qılınacaq.
Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.
Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Qurban bayramını Zəfər abu-havasında qarşılayır və artıq üç ildir bu bayram azad olunan torpaqlarda da qeyd olunur.
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.
Bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır.
Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.
Qeyd edək ki, Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib.