Bakını gözləyən YENİLİK - Tramvay, 51 metrostansiya, parklar, göydələnlər... - VİDEO
Bakının Baş Planının tezliklə təsdiq olunması nəzərdə tutulur. Baş Plan 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir.
Xəbəroxu.Az-ın məlumatına görə, Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər nəzərdə tutulub.
Bundan sonra əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də, Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur. Bakı şəhərinin Baş Planı çərçivəsində əsas diqqət aşağıdakı istiqamətlərə yönəldiləcək:
Şəhərin dayanıqlı inkişafı (1-ci prioritet)
- Çoxmərkəzlilik və yeni kompakt alt-mərkəzlərin yaradılması;
- Alt-məörkəzlərin çoxfunksiyalı özək kimi formalaşdırılması;
- Bərabər imkanlar və inklüzivliyin təmin olunması;
- İctimai nəqliyyatın prioritet təşkil etməsi;
- İnfrastruktur təminatının sinxron inkişaf etdirilməsi.
Şəhər və ətraf mühitin regenerasiyası (2-ci prioritet)
- İctimai məkanların inkişaf etmiş sisteminin yaradılması;
- "Təmiz şəhər" yanaşmalarının tətbiq edilməsi;
- Ekologiyaya daimi diqqətin göstərilməsi;
- Ərazilərdən istifadəyə kompleks yanaşmanın təmin edilməsi.
Şəhərin memarlıq siması və tarixi irsə qayğı (3-cü prioritet)
- Məhəllələr üzrə planlaşdırma: uyğun memarlıq həllərinin verilməsi;
- Tarixi irsin qorunması;
- Mədəni həyatın inkişafının təmin edilməsi.
Yeni məzmun (4-cü prioritet)
- Müasir sənaye sahələrinin və yeni sektorları yaradılması;
- Bakının regionun ən yaxşı turizm məkanına çevrilməsi;
- Mədəni-kütləvi tədbirlərin təşviqi;
- Yaradıcı və neo-ənənəvi sənaye sahələrinin dəstəklənməsi;
- Xidmətlərin rəqəmsallaşdırılması;
- Şəhərin və ölkənin ahəngdar inkişafının təmin edilməsi.
Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.
Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Baş plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünmüşdür:
Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcəkdir.
Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt*) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Regional şəhər mərkəzlərinin mövcud/planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan*) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaqdır. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcəkdir.
Qeyd edilən hədəflərin reallaşması məqsədilə Baş planda aşağıdakı əsas nəqliyyat məsələləri ehtiva olunur:
- Metro nəqliyyatı sisteminin inkişafı;
- Dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişafı;
- Küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı;
- Velosiped yolları şəbəkəsinin yaradılması və inkişafı;
- Tranzit qovşaqların yaradılması və inkişafı;
- Xüsusi ictimai nəqliyyat zolaqları şəbəkəsinin genişləndirilməsi və inkişafı.
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmiryolu reyslərinin açılması planlaşdırılır.
Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, habelə “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılması nəzərdə tutulur.
Bunlarla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmir yolunun çəkilməsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.
Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.
2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur.
Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər. /// baku.ws