Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur - FOTOLAR


  • 0
Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur - FOTOLAR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir.

 Xəbəroxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur. Qeyd edək ki, işğal dövründə Laçın şəhərində su təchizatı infrastrukturu dağıdılaraq istismara yararsız vəziyyətə salınıb. Laçın şəhərində icra olunan yeni layihə hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan içməli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.


Layihəyə əsasən, Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə  Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator  məntəqəsi və digər yardımçı binalar inşa olunur. 

Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyədək magistral su kəmərinin  tikintisi üzrə işlərin 70 faizi başa çatdırılıb. Şəhərə içməli su pilləli nasoslar vasitəsilə çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində 3 nasos stansiyası inşa edilir. Laçın şəhərində məskunlaşacaq əhalinin, idarə və müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı məqsədilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılır.  

Layihəyə əsasən Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42 kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik hissəsi inşa edilib. 4 km yağış su xətlərinin və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 7 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi də yekunlaşıb. Hazırda məhsuldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Laçın şəhərində formalaşacaq tullantı suları bu qurğuda ekoloji baxımdan tam təmizlənib kənarlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırılması nəzərdə tutulur. 

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək. 

Hazırda Laçın şəhərində “Azərsu” ASC tərəfindən fasiləsiz xidmət təşkil olunub. Bununla yanaşı Şuşa şəhərində, Zəngilan və Kəlbəcər rayonlarında,  Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir. 

Son Xəbərlər