Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Qarabağ İtkin Ailələri” dünya ictimaiyyətinə müraciət edib


  • 0
“Qarabağ İtkin Ailələri” dünya ictimaiyyətinə müraciət edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Qarabağ İtkin Ailələri” dünya ictimaiyyətinə müraciət edib

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi 30 Avqust – Beynəlxalq İtkinlər Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Xeberoxu.Az müraciətin tam mətnini təqdim edir:

“XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinin 20 faizini Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə Birinci Qarabağ müharibəsində dörd min nəfərə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. Təəssüf ki, hərbi təcavüz nəticəsində hərbçilərlə yanaşı, aralarında uşaqların, qadınların və qocaların da olduğu yeddi yüzdən artıq mülki şəxs də itkin düşüb.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib.

Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Araşdırmalar təsdiqləyir ki, Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə bu illər ərzində heç bir məlumat verilməyib. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.

Faktlar və şahid ifadələri təsdiqləyir ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüquq normaları kobud halda pozularaq mülki əhali hədəfə alınıb, qarşı tərəfin yaşayış məntəqələrinə qəfil hücumu zamanı evlərini tərk edə bilməyən ahıl insanlar yaşadıqları evlərlə birlikdə yandırılıb, döyülərək ağır işgəncələrə məruz qalıb, ağaclardan asılıb və ya güllələnib.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 1949-cu il tarixli 12 avqust Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin 30 ildən çoxdur ki, itkin düşmüş azərbaycanlıların ailə üzvləri bu hüquqdan məhrum edilib. Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina etməsi onların ailələrini əzab və iztirablara məhkum edib. Ermənistanın qeyri-humanist mövqeyi nəticəsində minlərlə itkin ailəsi 30 ildir ki, bu dəhşətli faciənin acısı ilə yaşamağa məcbur edilmiş, yaxınları barədə məlumat ala bilməyib.

Məlumdur ki, Birinci Qarabağ müharibəsində işğal edilmiş Azərbaycan əraziləri 30 il ərzində Ermənistan ordusunun nəzarətində olub. Bu səbəbdən itkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatlar Ermənistan tərəfindədir. Ermənistan Parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyanın 2021-ci ilin dekabrında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsi bunu bir daha təsdiq edir. Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirib. Məsələ ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistana rəsmi müraciət edilsə də, cavab alınmayıb.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son üç ildə üç yüzdən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib.

Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması itkin ailələrində böyük ümidlər yaradır. Ancaq qısa müddətdə 10 kütləvi məzarlığın və yaxınlarımızın işgəncələrlə qətl edilərək qeyri-insani halda basdırılması faktlarının aşkar edilməsi qəlbimizi göynədir.

Təhlillər, o cümlədən Q.Melkonyanın məlumatı yeni-yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir. İnsanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlikdir.

Biz – Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfərə yaxın azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından Ermənistanın Baş Naziri Nikol Paşinyandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin kütləvi məzarlıqlar barədə məlumatların Azərbaycan tərəfinə təqdim edilməsini tələb edirik.

Q.Melkonyan Ermənistanın baş nazirinin rəhbərlik etdiyi siyasi partiyadandır və buna görə də N.Paşinyan ən azı Q.Melkonyanın öz müsahibəsində bildirdiyi kütləvi məzarlığın yeri barədə məlumatın Azərbaycan tərəfinə verilməsini təmin edə bilər.

Biz həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli, ABŞ dövlət katibi Antoni Blinkeni itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim olunması üçün Ermənistana çağırış etməyə və təzyiq göstərməyə çağırırıq.

Beynəlxalq Qırmızı Xaç Komitəsini və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanı bu sahədə səylərini daha da artırmağa çağırırıq.

İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Buna görə də, BMT baş katibi cənab Antonio Quterreşi BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisini təyin etməyə çağırırıq.

Biz - azərbaycanlı itkin ailələri dünyada baş verən bütün silahlı münaqişələrin tezliklə başa çatmasını, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən asılı olmayaraq, heç bir insanın itkin düşməməsini arzu edirik”.

Son Xəbərlər