Prezidentin xalqa müraciətinin TAM MƏTNİ
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Xeberoxu.Az dövlət başçısının çıxışının tam mətnini təqdim edir:
- Əziz həmvətənlər.
Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.
Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.
Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.
Bir daha qeyd etmək istəyirəm ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən mən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.
Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu və onu da bildirməliyəm, indi saat yeddiyə beş dəqiqə işləyir.
Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?! Bütün İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi razılaşmalara rəğmən bu ayın 9-da Qarabağda saxta “seçkilər” keçirildi, saxta “prezident” seçildi, dırnaqarası prezident. Həmin o şəxs dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar. Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.
İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.
Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.
Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.
Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.
Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!