"Ay bədbəxt, səni heç Allah da bağışlamaz, illərdir yazıq tələbələri talan eləyirsən”- VÜQAR ƏHMƏDİN hekayəsi
Şair, ədəbiyyatşünas, alim Vüqar Əhməd yeni hekayəsi ilə oxucuların görüşünə gəlib.
Xeberoxu.Az-ın məlumatına görə, yazıçının yeni əsəri "Feysbuk dələduzu" adlanır.
Hekayəni təqdim edirik:
FEYSBUK DƏLƏDUZU
(HEKAYƏ)
Zülfüqar Soltanzadə fövqəladə biliyə malik, olduqca istedadlı bir ailm idi. Bir eybi var idi ki, zəmanə insanlarının əksinə olaraq rüşvəti sevmir, ona dəhşətli dərəcədə nifrət eləyirdi. Elə bu səbəbdən də, yəni məhz dərs dediyi universitetdə tələbələrdən rüşvət almadığına görə onu ordan kənarlaşdırmışdılar. Bir neçə ay idi ki, iki yeniyetmə uşaq atası işsiz idi. Həyat yoldaşı Sədaqət bağça müəlliməsiydi və o qədər az maaş alırdı ki, bu pul onların hətta bir həftəlik dolanacağına yetmirdi. Zülfüqar müəllim ailə büdcəsində pul olmadığını görüb bir neçə nəfər dost-tanışdan borc almışdı, lakin əlinə tamamilə pul gəlmədiyinə görə borcları qaytara bilmirdi. Həmin adamlar Zülfüqar müəllimə xalqa gərəkli və güclü alim kimi hüsn-rəğbət bəsləyirdilər - deyə bunun üstünü vurmurdular, amma Zülfüqar müəllim borclu qalmağı heç sevmirdi, həm də bunu özünə elə bir dərd eləmişdi ki, sanki nəsə ağır bir faciə üz verib. Son zamanlar isə vəziyyət elə ağırlaşmışdı ki, yavan çörəyi isti çaya batırıb yeyirdilər. Ancaq Zülfüqar müəllim nikbin adam idi, o mütləq bu sıxıntıdan qurtaracaqlarına inanlrdı.
Payız təzə girmişdi. Hava get-gedə sərinləşdiyi üçün bu axşam da yağış yağdığına görə qızıl payız yayın boz rəngini artıq sarı-qırmızı rəngə boyamaqda idi.
İki fal çörəkdən və rəngsiz çaydan ibarət şam yeməyindən sonra Zülfüqar müəllim atasından qalma iri dənəli təsbehi çevirə-çevirə televizorda bədii filmə baxırdı. Filmin mövzusu bundan ibarət idi ki, bir fırıldaqçı ucqar bir kəndə gəlib kəndlilərin mal-qarasını, qoyun-quzusunu saxta pullarla baha qiymətə alır. Təbii ki, kəndlilər onun verdiyi pulların saxta olduğunu ağıllarına belə gətirməyib sevinə-sevinə mal-qaralarını, qoyun-quzularını ona satırlar. O isə onları iyirmi beş tonluq yük maşınının yük yerinə yığıb necə deyərlər,-Dərə xəlvət tülkü bəy,-aradan çıxır.
Bir neçə gün sonra kəndlilər onun verdiyi pulların saxta olduğunu anlayıb havalanmaq dərəcəsinə gəlirlər. Fırıldaqçı onları müflis eləmişdi. Kəndin kişiləri sözü bir yerə qoyurlar ki, gedib onu axtarsınlar və tapan kimi də şil-küt eləyib pullarını geri alsınlar.
Kəndin kişiləri fırıldaqçını axtarmağa çıxır və bir neçə yerdə onunla rastlaşırlar. Lakin hər dəfə cürbəcür qiyafələrə düşən, gah arvad paltarı geinib üz-gözünə ənlik-kirşan sürtən, gah ağ saqqal taxıb, beli əyilmiş halda çomağa söykənərək yeriyən, gah qıçları şikəst adamlar kimi bir növ aşa-aşa yeriyən fırıldaqçını tanımayıb ötüb gedirlər. Fırıldaqçı isə artıq öz işini görmüş, kəndlilərdən saxta pullarla aldığı mal-qaraları, qoyun-quzuları dəyər-dəyməzinə bazarlarda satmışdı.
Lakin məsələ burasında idi ki, ona onsuz da bu pulları yemək qismət olmur. Növbəti dəfə qiyafəsini dəyişib özünü korluğa vuran zaman, daha doğrusu yoldan ötənlərin onu tanıyacağından ehtiyat edib, gözündə kor eynəyi taxıb, gözləri görmürmüş kimi ayağının altına baxmadığı üçün güclü tufan zamanı elektrik dirəyindən qırılıb düşən elektrik cərəyanı naqili qıçlarına dolaşır və aldatdığı kəndlilərin qarğışına tuş gələn bu bədbəxt bir neçə dəqiqədən sonra yanıb kül olmuş vəziyyətdə cəhənnəmə vasil olur.
Filmə baxdıqca fırıldaqçının alçaqlığına yox, kəndlilərin avamlığına başını bulayan Zülfüqar müəllim pıçıltıya bənzər səslə tez-tez bu sözü təkrar edirdi:
-Heç bu cür də avam adamlar olar?! Bir onun verdiyi pula baxın da.. Ay-hay..
Filmin finalında, yəni fırıldaqçını elektrik cərəyanı vurub ldürdüyü zaman nəhayət ki, yumruğunu düyünləyib dilləndi:
-Gör necə gəldi Allahın bəlasına, belə olar ha..
Bir qədər sonra Zülfüqar müəllim yatağına uzandı, fikirdən, dərddən olduqca narahat və yorğun olduğundan heç cürə yata bilmirdi, gözlərini yumub onun ruhunu incidən sıxıntılar barədə fikirləşməmək üçün yuxuya getmək istəyirdisə alınmırdı ki, alınmırdı.
Nəhayət ki, yatağından qalxıb çölə çıxdı. Bu nədir, artıq səhər açılmışdı, özü də bura göydələn binalarla dolu şəhər deyildi, dağlı-dərəli, dörd tərəfi yaşıllıqlarla dolu ucqar bir kənd idi. Hər tərəfdən qoyun-quzu mələşməsi, öküz, kəl böyürtüləri, inək, camış səsləri gəlirdi. Bir qədər sonra Zülfüqar müəllim axşam bədii filmdə gördüyü fırıldaqçının iti sürətlə ona tərəf qaçdığını gördü. Fırıldaqçı tez-tez geriyə boylana-boylana güllə kimi qaçırdı. Bir qədər sonra o, ildrım sürətiylə Zülfüqar müəllimin yanından ötüb keçdi. Bundan bir az sonra isə filmdəki bütün personajlar, o cümlədən mal-qara, qoyun-quzu göründü. Onlar hamısı fırıldaqçının arxasıyca qaçırdılar. Zülfüqar müəllim bunu görüb onlara qoşuldu və nə qədər qəribə olsa da hamısını ötüb keçdi. O, boyca xeyli hündür olduğu üçün hamıdan fərqlənirdi və o qədər sürətlə qaçırdı ki, az qalırdı ki, fırıldaqçını haqlasın. Nəhayət iki hündür qaya arasına gəlib yetdilər. Fırıldaqçı aralarında ən azı on metr məsafə olan bir qayadan o birinin başına tullandı. Zülfüqar müəllim isə hələ tullanmayıb dayandı, çünki dayanmasaydı uçuruma yuvarlanacaqdı. Bir neçə saniyə sonra onun arxasıyca gələn bütün personajlar, kəndlilər, mal-qara, qoyun-quzu, bir sözlə Zülfüqar müəllimdən başqa hamısı uçuruma yuvarlandı. Zülfüqar müəllim bir qədər kəllə-mayallaq uçuruma yuvarlananların arxasıyca baxıb o biri qayanın başında dayanmış fırıldaqçıya göz yetirdi. Fırıldaqçı ona baxıb sırtıq-sırtıq hırıldayırdı, bir az sonra qəhqəhə çəkməyə başladı, daha sonra isə zənciyə çevrildi və daha da bərkdən gülməyə başladı. Zülfüqar müəllimin gözləri kəlləsinə çıxmışdı, boğazı qurumuşdu, ürəyi tez-tez vururdu və birdən-birdən yuxudan ayıldı.
Yuxudan ayılan kimi təngnəfəs halda ayağa qalxıb masanın üstündəki qabdan xeyli qaynanmış su içdi. Sonra isə burnunu çəkib öz-özünü məsxərəyə qoyurmuş kimi ironiya ilə gülməyə başladı.
Bir qədər sonra Zülfüqar müəllim yatağına uzandı və bu dəfə nədənsə onu tez yuxu apardı.
Səhər tezdən Zülfüqar müəllim telefon aparatına nəzər yetirərkən onun ünvanına məktub gəldiyini gördü. Məktubda məhşur boksçu Mayk Taysona bənzəyən bir zəncinin şəkli qoyulmuşdu və ingiliscə sözlər yazılmışdı. Zülfüqar müəllim ingilis dilini bilmirdi, odur ki, dərhal orta məktəbdə ikinci növbədə oxuyan qızı Aliməyə tərəf baxdı. Alimə hələ də yuxuda idi. Oğlu Əli isə birinci növbədə təhsil aldığı üçün artıq yuxudan oyanmışdı. Uşaqların anası da təzəcə yuxudan oyanmışdı və yavan çörəkdən, bir az da şordan ibarət səhər yeməyi hazırlamaqla məşğul idi.
Zülfüqar müəllim təbii ki, məktubda nə yazıldığını tezliklə bilmək istəyirdi, odur ki, mışıl-mışıl yatan Aliməyə yaxınlaşdı və pıçıltıya bənzər səslə dilləndi:
-Alimə, Alimə.
Bu vaxt arxadan masanın üstünə armudu stəkanda isti çay və masqurada şor qoyan Sədaqətin sakit səsi eşidildi:
-Bura bax, səhər-səhər uşaqdan nə istəyirsən, qoy yatıb da?!
Zülfüqar müəllim ona fikir vermədən davam elədi:
-Alimə, Alimə..
Nəhayət, Alimə gərnəşib əsnəyərək atasına tərəf baxdı:
-Nə olub ata?
Zülfüqar müəllim başı ilə telefon aparatına işarə elədi:
-Mənim elektron ünvanıma məktub gəlib, amma ingiliscədi, gör oxuya bilərsən?!
Zülfüqar müəllim bunu deyib telefon aparatını qızına tərəf tutdu. Alimə əsnəyə-əsnəyə məktubu oxuyub cümlə-cümlə tərcümə elədi:
-Cənubi Afrika Respublikasında Soltanzadə familli adam dünyasını dəyişib, onun bank hesabında otuz milyon dollar pulu var. Bu pulun doxsan beş faizi vərəsəlik hesabı ilə sizə çatmalıdı. Lakin bankda hesab açdırın, hesab kartının əksini, şəxsiyyət vəsiqəsinin əksini, eyni zamanda müqavilə bağlamaq üçün sənədlər hazırlayıb bizə göndərin.
Alimə məktubun sözlərini tərcümə etdikcə Zülfüqar müəllim cürbəcür hallara düşürdü. Alimə özü yuxulu olduğu üçün sanki sadəcə olaraq dərs əzbərləyirdi. Sədaqət xanım yaxına gəlib qəribə nəzərlərlə gah Aliməyə, gah da sifəti hər rəngə düşən ərinə baxırdı. Doqquzuncu sinif şagirdi Əli isə bir neçə dəfə çiyinlərini çəkib dodağını büzdü.
Alimə məktubu tam tərcümə eləyib bitirəndən sonra bir neçə saniyə kimsə dinmədi, sonra Zülfüqar müəllim qəfildən evin düz ortasına gəlib səsini qaldırdı:
-“Bakı”, “Qazağı”, “Şalaxo”, “Xançobanı”, yoxsa “Dilşadı”?!
Sözünü bitirib qədim xalq rəqsi, iti ritmli “Bakı” rəqsini bir qədər ağzıyla çalıb əsil kişi elementləri ilə rəqs eləməyə başladı. Nəhəng qamətinə baxmayaraq zatən gözəl rəqs eləyən Zülfüqar müəllim indi elə bil rəqs eləmir, uçurdu və bu sözləri deyirdi:
-Otuz milyon, otuz milyon. Bilirsiz bu nə deməkdi?! Biz milyoner olduq, milyoner. Daha heç bir şeyə ehtiyacımız olmayacaq, qohum-əqrəbamız da, dost-tanışımız da bir dənə cə yoxsul qalmayacaq.
Bir qədər sonra artıq məsələnin nə yerdə olduğunu dərk eləyib ayağa qalxan Alimə rəqsin iti ritminin ahənginə uyğun olaraq əl çalırdı. Sədaqət xanın sevinc içində gülümsəyirdi. Əli isə atasının heyrətamiz rəqs eləməyindən zövq alsa da nədənsə narahat idi.
Zülfüqar müəllim bu minvalla təxminən on dəqiqə rəqs elədi, sonra bir qədər təngnəfəs halda bədənnüma aynaya yaxınlaşıb əksinə baxdı, cibindən dəsmal çıxarıb tərini silib dilləndi:
-Heç ağlıma gəlməzdi ki, bizim zəncilərlə qohumluğumuz olub. Amma mən qətiyyən zənciyə bənzəmirəm. Bəs onda kim, bu genetikadan kim su içib görəsən?! Aa, tapdım, qardaşım Qaraxan, axı o Mayk Taysona çox bənzəyir. Burnu da elə zəncilər kimi pərəlidir.
Sədaqət xanım sevinc içində olsa da təəcüblə dilləndi?
-Sizin zəncilərlə qohumluğunuz varmış?!
Zülfüqar müəllim üzünü ona çevirdi:
-Nə olsun?! Zəncinin nəyi pisdi bəyəm?! Onlar çox gözəl insanlardır.
Bu vaxt Əli təəcüb etdi:
-Ata axı keçmişdə buralarda zənci olmayıb.
Zülfüqar müəllim gülümsündü:
-Mən zarafat eləyirəm oğlum, o bizim üçün miras qoyan adam zənci deyil, sadəcə olaraq Afrikada yaşadığı üçün rəngi qaralıb zənciyə oxşamağa başlayıb.
Əli bir qurtum çay içdi:
-Ata, Cənubi Afrika Respublikasında havalar burdakından da soyuq keçir. Biz tarix dərsində keçmişik ki, ora Fransanın müstəmləkəsidi, yəni orda çoxlu fransız yaşayır, bəs niyə onlar qaralmırlar?! Televizorda görmüşəm, rəngləri limon kimi sapsarıdı. Birdə ki, o qohumun Afrikada nə işi vardı görəsən?! Mən birinci dəfədir eşidirəm ki, azərbaycanlı Afrikanın vətəndaşı olsun. Yenə Avropa olsaydı o başqa məsələ.
Zülfüqar müəllim telefon aparatını oğluna tərəf tutdu:
-Görürəm inanmırsan, bax bu da əşyayi dəlil. O adam, o qohum bizim üçün otuz milyon dollar miras qoyub. Görünən kəndə bələdçi lazım deyil ki..
Əli daha söz güləşdirməyib çayını içməklə məşğul oldu. Zülfüqar müəllimin, Sədaqət xanımın, Alimənin isə sevinci yerə-göyə sığmırdı.
Bir qədər sonra Beynəlxalq Bankda saatlarla növbəyə dayanan Zülfüqar müəllim nəhayət ki, bank hesabı açdıra bildi. Ordan İnterklubda sənədlərin üzünü çıxarmağa getdi. Hara getsə atasını tək buraxmayan Alimə də onunla idi.
Nəhayət ki, Zülfüqar müəllim qızı Alimə ilə birlikdə bir neçə gecə yatmayıb olduqca çətinliklə bütün bu sənədləri hazırlayıb həmin ünvana göndərə bildi. Lakin bundan sonra bir problem ortaya çıxdı, çünki həmin adam çəkdiyi xərclərin müqabilində Zülfüqar müəllimdən bir həftənin ərzində əlli min dollar pul göndərməyini tələb eləyirdi. Zülfüqar müəllimin isə heç əlli manatı yox idi və kasıb yaxın qohumlardan da bu qədər istəməyin mənası da yox idi.
Lakin zatən nikbin adam olan Zülfüqar müəllim bir həftənin ərzində əlli min tapacağına inanırdı.
Nə isə bu əlli min məsələsini burda qoyaq, Zülfüqar müəllimlə bağlı bir sıra hadisələrdən söhbət açaq.
Otuz milyon dollar sevincini yaşayan Zülfüqar müəllim o hadisədən düz iki gün sonra kənarlaşdırıldığı universitetin rektoru tərəfindən həmin universitetə çağırıldı. Ora nəyə görə çağırıldığını anlamayan Zülfüqar müəllim basabas avtobusla, küçələrdəki, prospeklərdəki tıxaclarla nəhayət ki, yarım saatlıq yolu üç saata qət edərək həmin universitetə gəldi. Universitet binasına girdikdə isə, rüşvəti kiloyla alan, ona isə rüşvət almadığına görə nifrət eləyən müəllimlər onu görən kimi dəhşətə gəldilər. Ona ən qatı düşmənlərini görürlərmiş kimi baxmağa başladılar. Zülfüqar müəllim isə qətiyyən onların eybəcər baxışlarına əhəmiyyət vermədən pillələrlə üçüncü mərtəbəyə qalxıb rektorun qapısını döydü.
Rektor oturmuşdu və onun gəldiyini görən kimi ayağa qalxıb qapıya yaxınlaşıb əlini sıxdı:
-Xoş gəlmisən, səfa gətirmisən, həmişə sən gələsən. Yolunu səbrsizliklə gözləyirdik.
Zülfüqar müəllim yüngülcə başını buladı:
-Evdən üç saat bundan qabaq çıxmışam, tıxaclar, tıxaclar, tıxaclar..
Rektor qııyq gözlərini yumub açdı:
-Ah, ah, ah.. İdrakıma şiş batdı. Necə oldu ki, sənin dalınca maşın göndərmədim. Bağışla, bağışla Zülfüqar müəllim, keç günahımdan.
Zülfüqar müəllim ürəyində dilləndi ki; “Ay bədbəxt, səni heç Allah da bağışlamaz, illərdir yazıq tələbələri talan eləyirsən”.
Lakin təbii ki, bu sözləri dilinə gətirməyib rektorun dar alnına, qıyıq gözlərinə, qarğa dimdiyinə bənzəyən burnuna baxdı:
-Məni niyə çağıtdırmısız?
Rektor iyrənc şəkildə gülümsədi:
-Səni öz işinə qaytarmaqdan ötrü. Bilirsən, bir anlaşılmazlıq olub, mənə səhv məlumat veriblər. Burda bəzi alçaqlar bilərəkdən elə fikir formalaşdırmışdılar ki, guya sən tələbələrdən imtahan sesiyası zamanı rüşvət alırsan. Məni də inandırmışdılar. İndi hər şey üzə çıxıb və məllum olub ki, sən nəinki rüşvət almamısan, hətta rüşvətə nifrət eləmisən. Bilirsən, mən özüm də rüşvətə nifrət eləyirəm. Axı rüşvət Allah qarşısında çox böyük günahdır. Lənət olsun rüşvət alanlara və təmiz adamlara böhtan alanlara! Gəl, gəl Zülfüqar müəllim, gəl otur, xahiş edirəm.
O, Zülfüqar müəllimin əlindən tutub yaxındakı kətildə əyləşdirib sözünə davam elədi:
-Sən çox güclü alimsən, çox... Bu heyrətamizdi. Mən sənə böhtan atan əbləhi işdən qovmuşam. Biz sənin qədrini bilməliyik. Sənə söz verirəm Zülfüqar müəllim, bir də belə şeylər olmayacaq.
Rektor bunu deyib ona təmiz bir vərəq və qələm uzatdı:
-Heç nə lazım deyil, bir dənə mənim adıma ərizə yaz, vəssalam!
Savadlı, bilikli olduğu qədər də sadəlövh olan Zülfüqar müəllim artıq ona inanınmışdı və onun haqqında bədgüman olduğu üçün ürəyində özünü qınayırdı.
Bir qədər sonra Zülfüqar müəllim ərizəni yazıb imza qoyaraq rektora tərəf uzatdı. Rektor ərziəni alıb yüngülcə nəzər salıb möhürləyib üzünü Zülfüqar müəllimə tutdu:
-Sabahdan işə çıxmalısan Zülfüqar müəllim, onu da deyim ki, tələbələr sənin üçün çox darıxıblar.
Zülfüqar müəllim ayağa qalxıb əlindəki qələmi rektorun masasının üstünə qoydu:
-Hə, bu başdan deyim ki, mən necə ki, indiyə qədər rüşvət almamışam, bundan sonra da almayacam.
Rektor ona yaxınlaşdı:
-Əziz Zülfüqar müəllim, bunu da bil ki, mən həmişə kəskin şəkildə rüşvətə qarşı mübarizə aparmışam və aparacağam. Çox sağ ol, çox sağ ol ki, mənim dəvətimi yerə salmayb gəldin və öz işinə qayıtdın. İşin həmişə uğurlu olsun!
Zülfüqar müəllim qapıya tərəf getdi və birdən rektora tərəf döndü:
-Sizə bir işim düşüb.
Rektor yenə ona tərəf gəldi:
-Buyur, canla-başla!
Zülfüqar müəllim burnunu çəkdi:
-Bilirsiz, mənə əlli min dollar pul lazımdır. Bəlkə sizdə var, mənə borc verərdiz.
Rektor tutuldu, rəngi bir xeyli qaçdı, lakin özünü o yerə qoymadı:
-Namusuma and olsun ki, əlim çox aşağıdı. Axı mən də maşşla dolanıram.
Zülfüqar müəllim bir qədər pərt halda dilləndi:
-Yaxşı bağışlayın! Mən gedim!
O rektorun kabinetindən çıxanan sonra rektor nifrətlə onun arxasıyca baxıb aşağı səslə dilləndi:
-Bu əbləh məni axmaq hesab eləyir. Otuz milyonun sahibi olduğu halda məndən əlli min pul istəyir. Dayan Zülfüqar müəllim, mən səni elə bir tələyə salım ki, uzun müddət içində çapalayasan. Sən artıq mənim ovcumun içindsən, günü sabah, sən işə çıxandan bir müddət sonra şöbədə tək olanda Xumar ora girəcək və paltarını cırıb çığırmağa başlayacaq. Mən də onun harayına gələcəyəm. Ha-ha-ha, Zülfüqar müəllim. Əgər o otuz milyonu mənə verməsən, bütün dünyada rüsvay olacaqsan, bütün dünyada.
Rektor otuz milyon məsələsini interklubda sənəd üzü çıxaran qonşusundan eşitmişdi və Zülfüqar müəllimi işinə qaytarmaqda məqsədi isə onu böhtana salaraq, otuz milyonu çırpışdırmaq idi.
Zülfüqar müəllim pillələrlə düşüb universitetin binasından çıxmaq istərkən Qənirə adlı tələbə qızın qapı tərəfdə dayanıb hönkür-hönkür ağladığını gördü. Zülfüqar müəllim Qənirəni yaxşı tanıyırdı, bu qız ondan həmişə əla qimət almışdı və ümumiyyətlə dərs əlaçısı idi. O, Qənirəyə yaxınlaşıb sakit səslə soruşdu:
-Neyçün ağlayırsan qızım?
Qənirə üzünü Zülfüqar müəllimə çevirib ağlamağını kəsmədən bir qədər ona nəzər saldı. Neçə aydı işdən kənarlaşdırılmış müəllimini tanıyıb sanki bir qədər ümidləndi və hönkürtünü hıçqırığa çevirdi:
-Diplomumu vermirlər Zülfüqar müəllim, deyirlər ki, rektor beş min manat pul tələb eləyir, mən o qədər pulu hardan verim?! Mən yetim qızam, valideynlərim mən uşaq olanda rəhmətə gediblər. Məni nənəm böyüdüb. Təhsil haqqımı qonşumuzda yaşayan qoca bir Hacı ödəyirdi. İndi o da neçə aydı rəhmətə gedib. Mən beş min manatı hardan verim?!
Zülfüqar müəllim Qənirəyə bir söz demədən geri qayıtdı, iti addımlarla pillələri qalxıb rektorun qapısına yaxınlaşıb açıb içəri girdi. Rektor onu görən kimi təəcüblə baxdı. Zülfüqar müəllim ona yaxınlaşıb əsəbi halda dilləndi:
-Zəhmət olmasa o ərizəni mənə ver!
Rektor çiyinlərini çəkdi:
-Hansı ərizəni?
-Mən yazdığım ərizəni!
Rektor dərhal masanın üstündən ərzəni tapıb ona uzatdı.
Zülfüqar müəllim ərizəni alıb cırdı və bir parça rektorun üzünə tüpürdü:
-Allah sənə lənət eləsin! Haramzadə.
O, bunu deyib iti addımlarla rektorun kabinetini tərk etdi və pillərlə bir az da artıq sürətlə aşağı düşdü. Fikrindən keçirdi ki, Qənirəyə desin ki, heç fikir eləmə qızım, hər şey yaxşı olacaq. Lakin Qənirə artıq orda yox idi, getmişdi.
Rektor isə Zülfüqar müəllim onun kabinetini tərk edəndən sonra üzündəki tüpürcəyi silib tez-tez qarğa burnunu çəkib eyni sözü təkrar edirdi:
-Mən şikayət eləyəcəyəm, mən şikayət eləyəcəyəm.
İndi isə qayıdaq əlli min dollar məsləsinə.. Otuz milyon miras vəd eləyən adam ard-arda mesaj göndərib əlli min dolları tələb edirdi. Zaman keçib gedirdi. Həftənin tamamına lap az qalırdı. Daima üzü-üzlərdən utanan Zülfüqar müəllimin imkanlı adamlardan borc istəməyə üzü gəlmədi, həm də fikirləşirdi ki, birdən sözü yerə düşər, bu isə ona ölümdən betər olardı.
Nə isə bir həftənin tamamında əlli min tələb eləyən adam Zülfüqar müəllimin elektron ünvanına olduqca biədəb, özü də Azərbaycan dilində söyüşlər göndərdi. Yalnız bu zaman sadəlövh Zülfüqar müəllim anladı ki, bu adam feysbuk dələduzu imiş, məqsədi də ondan əlli min dollar çırpışdırmaq imiş. Əvvəlcə bir kənara çəkilib yumşaq kresloda oturaraq ard-arda filtirsiz siqaret çəkdi. İndi ona bıçaq vursaydın, qanı çıxmazdı. Alimə ilə Sədaqət xanım da çox məyus olmuşdular. Əlinin isə iri gözləri deyirdi; “Axı mən sizə dedim ki, ona inanmayın, siz isə mənim sözümə qulaq asmadız”.
Nə isə, Zülfüar müəllim yeddinci siqareti də sona qədər sümürüb külqabıya basandan sonra birdən ayağa qalxıb heyrətamiz bir səslə bir bayatını muğam üstündə oxumağa başladı:
Dərd əlindən dağa çıxdım,
Dedilər yaylağa çıxdı.
İstədim ki, balıq tutum,
Tilova qurbağa çıxdı.