Dədə-baba yurdumuz Zəngibasar mahalı: Uluxanlı reallıqları
Azərbaycanın tarixi ərazisi olan Zəngibasar rayonu ilk dəfə 31 dekabr 1937-ci ildə yaradılıb.
Xeberoxu.Az xatırladır ki, rayon ikinci dəfə 1969-cu ildə təşkil olunub.
Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir.
Rayonun indiki ərazisi 428-640-cı illərdə Ararat qəzasının tərkibində, VII-XI əsrlərə qədər ərəb işğalı altında olub. XI əsrdən Səlcuq türklərinin, 1230 – cu ildə monqol-tatarlarının tabeliyində olub. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-cı illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilib.
Zəngibasar mahalı özünün Uluxanlı (sonradan Zəngibasar və Əzizbəyov adına məktəb) məktəbi ilə Azərbaycan tarixində mühüm yer tutur.
Böyük ədibimiz Cəlil Məmmədquluzadə 1887-ci ildə bu məktəbdə işləmək üçün təyinat almış və uzun müddət burada çalışmışdır.
1937-i ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünüb. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılıb. Qədim Uluxanlı kəndinin də adı dəyişdirilərək Zəngibasar rayonu adı ilə mərkəz elan edilib.
Zəngibasar rayonunun kəndlərindən 21-də ancaq azərbaycanlılar, 6-da çoxu azərbaycanlılar olmaqla həm də ermənilər, 5 kənddə isə yalnız ermənilər yaşayırdılar.
Vaxtilə Uluxanlıda 5, Zəngi, Şöllü, Qaraqışlaq, Mehmandar, Hacı Elləz kəndlərinin hər birində 2 məscid olub. Cəfərabad kəndində isə XIII əsrin yadıgarı olan günbəzli türbə olub. 1948 – 1951- ci illərdə Rəncbər kəndi istisna olmaqla bütün kəndlərinin azərbaycanlı əhalisi Azərbaycana köçürüldü. Lakin Keçmiş SSRİ rəhbəri Stalinin ölümündən sonra azərbaycanlı əhali öz dədə-baba yurdlarına dönsə də artıq boş evlərdə məskunlaşan ermənilər yerli azərbaycan türklərini Elləz, Göykümbət, Arbat və digər kəndlərə buraxmırlar.
1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələrimiz aşağıdakılardır:
Haçapara ,Qaraqışlaq, Dəmirçi, Sarvanlar, Rəncbər, Donuzyeyən, Həbilkənd, Yuxarı Neçili, Aşağı Neçili, Rəhimabad, Mehmandar, Şöllü, Uluxanlı və s.
XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talin, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarından ibarət idi. Xanlığın mərkəzini – İrəvan şəhərini 1804-1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə cəhd göstərmişdilərsə də, buna nail olmayıblar.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilib. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər köçürülüb ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.
Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olublar.
1930-cu illərdə Vedinin, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan SSR-in çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olub.
Xeberoxu.Az