Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ölkə rəhbərinin yubiley mərasimindəki proqram xarakterli çıxışı universitetin hər bir əməkdaşı üçün yol xəritəsidir": Rektor Elçin Babayev


"Ölkə rəhbərinin yubiley mərasimindəki proqram xarakterli çıxışı universitetin hər bir əməkdaşı üçün yol xəritəsidir": Rektor Elçin Babayev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ölkə rəhbərinin yubiley mərasimindəki proqram xarakterli çıxışı universitetin hər bir əməkdaşı üçün yol xəritəsidir": Rektor Elçin Babayev

104 il əvvəl sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti uzun və gərgin müzakirələrdən sonra tarixi qərara imza atdı. Parlamentdə Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti (BDU) Cümhuriyyət dövründə çox qısa zaman ərzindəki fəaliyyəti ilə xalqımızın maariflənməsində mühüm rol oynadı. Sovet hakimiyyəti illərində universitet rejimin amansız təzyiqlərinə, hətta 30-cu illərdə fəaliyyətinin bir müddət məhdudlaşdırılmasına baxmayaraq elm və təhsil məbədi kimi öz tarixi missiyasını davam etdirməyi bacardı.

Xeberoxu.Az xəbər verir ki, bu sözlər BDU-nun rektoru Elçin Babayevin “104 yaşlı Bakı Dövlət Universiteti” sərlövhəli məqaləsində yer alıb. 

Məqaləni təqdim edirik:

BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, respublika rəhbəri kimi universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndərin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Ümummilli Lider həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir... Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək universitetin hamisi, eyni zamanda, məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. BDU Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hərtərəfli qayğısı ilə inkişaf yolunda inamla addımlayır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. Ölkə rəhbərinin yubiley mərasimindəki proqram xarakterli çıxışı universitetin hər bir əməkdaşı üçün yol xəritəsidir.

BDU kollektivi bu gün doğma təhsil və elm ocağının yaradılmasının növbəti ildönümünü qeyd edir. Doğma universitetimizin 104 yaşı BDU-nu Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandıran, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək ona yüksək dəyər verən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması bütün xalqımız kimi çoxminli BDU kollektivində də xüsusi ovqat yaradıb. Azad Qarabağımızın simvolu Şuşaya həsr olunmuş ildən sonra zəfərlərimizin memarı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ilin qeyd olunmasını hər birimiz sonsuz ehtiram və minnətdarlıq hissləri ilə qarşılayırıq. Dövlət başçısının Sərəncamında əksini tapan fikirlər ötən günlərimizə nəzər salmaq, dövlətimizin bugünkü inkişaf səviyyəsinə hansı çətinliklərdən keçərək gəlib çatdığımızı bir daha aydınlaşdırmaq və eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək hədəflərimizə nail olmağımız üçün mükəmməl bir proqram, aydın bir yol xəritəsidir. Sərəncamda yer almış fikirlər tariximizin böyük bir epoxasının lakonik, eyni zamanda, müdriklik və məntiqlə əksini tapmış inikasıdır: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”.

Hər zaman Ulu Öndərin irsinin təbliğini özünün ali məqsədlərindən hesab edən BDU kollektivi “Heydər Əliyev İli”ndə bu istiqamətdə səylərini daha da artırıb. Bu məqsədlə BDU-nun Elmi Şurasında Tədbirlər Planı qəbul olunub. BDU-nun Elmi Şurasında və fakültələrində Ulu Öndərin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar müzakirələr aparılıb, təkliflər dinlənilib.

Tədbirlər Planında müstəqil Azərbaycan dövlətinin memarı, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili və s. kimi digər mühüm vəzifələr əksini tapıb. BDU ailəsinin hər bir üzvü, professor-müəllim heyəti, o cümlədən tələbələrimiz Tədbirlər Planında əks olunan vəzifələri həvəslə icra edir, bu tarixi ilin, tarixi günlərin, tarixi anların bir hissəsi olmaq üçün səylərini əsirgəmirlər.

BDU Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş xüsusi iclası keçirilib, iclasda xalqımızı ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzm və iradə ilə, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə, tərəqqiyə və dayanıqlı inkişafa qovuşdurmuş Ulu Öndər Heydər Əliyev böyük sevgi və ehtiramla yad olunub. Ulu Öndərin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində ciddi addımlar atan BDU Yeni Azərbaycan Partiyası və Ankara Universiteti ilə birgə “Heydər Əliyev İli”ndə “Müstəqil Azərbaycanın memarı” adlı Beynəlxalq elmi konfrans keçirib. Azərbaycan, Türkiyə və İsraildən olan tanınmış elm adamları, ictimai-siyasi xadimlərin iştirak etdiyi beynəlxalq konfransda Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və misilsiz fəaliyyətinin bütün mərhələlərinə həsr olunmuş 100-dən çox məruzə dinlənilib, elmi dövriyyəyə yeni fikirlər, maraqlı faktlar təqdim edilib.

Ulu Öndərin irsinin bölgələrdə təbliğinə də xüsusi həssaslıqla yanaşılıb, Tərtər və Masallı rayonlarının icra hakimiyyətləri ilə birgə konfranslar keçirilib. Konfranslar çərçivəsində, həmçinin universitet alimləri rayon məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirələr oxuyub, şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər. Eyni zamanda, məktəblərə Ulu Öndərin zəngin irsinə həsr olunmuş kitablar hədiyyə edilib.

“Heydər Əliyev İli” münasibətilə BDU-nun Heydər Əliyev Muzeyi və Heydər Əliyev Lektoriyası əsaslı təmir olunaraq ən müasir standartlarla yenidən qurulub, elektron lövhələr, məlumat daşıyıcıları ilə təchiz edilib. Əməkdaş və tələbələr arasında Ulu Öndərin zəngin irsi, azərbaycançılıq ideyasının təbliği, mühazirələrin, müzakirə və dəyirmi masaların təşkili məqsədilə informasiya-kommunikasiya avadanlıqları quraşdırılıb, muzey zənginləşdirilib.

“Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində ölkənin nüfuzlu elm adamları, ictimai xadimlər tələbələrə mühazirələr oxuyublar. “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində isə davamlı olaraq vaxtilə Ulu Öndərlə birlikdə çalışmış, onunla ünsiyyətdə olmuş insanlarla tələbələrin görüşləri təşkil olunur.

BDU əməkdaşları arasında “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsi, tələbələr arasında “Heydər Əliyev – BDU-nun dünyaşöhrətli məzunu” mövzusunda esse müsabiqəsi, eləcə də əməkdaşlar və tələbələr arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş yarışlar, müsabiqələr təşkil edilib. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilən layihələrdən bəhs edərkən Şamaxı rayonunun Göylər kənd 2 saylı tam orta məktəbində Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə BDU-nun Elmi Kitabxanasının filialının açılması da xüsusi qeyd olunmalıdır.

Tədbirlər Planına uyğun olaraq BDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş, ali məktəb tələbələri arasında fizika, riyaziyyat və kimya fənləri üzrə respublika olimpiadaları, 8 idman növü üzrə spartakiada, mədəniyyət və incəsənət festivalları, silsilə mədəni-kütləvi tədbirlər, müsabiqələr və yarışlar keçirilib.

Onu da vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Elmi Şurasında qəbul edilmiş Tədbirlər Planında əksini tapan vəzifələrin icrası bu gün də davam edir.

104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola uğurla davam etdirir. Ötən tədris ililndə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən universitetin növbəti akkreditasiyası həyata keçirilib. Ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməyə imkanlar yaradan, əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulması hesab olunan akkreditasiya prosesi uğurla başa çatıb, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il 8 iyun tarixli qərarı ilə BDU-nun 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnamə universitetə təqdim edilib.

BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında universitetdə təhsilin inkişafı, elmi-tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq struktur islahatları aparılır, gənc kadrlar məsul vəzifələrə irəli çəkilir. Təhsilalanlar və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir, təhsildə keyfiyyət təminatını, müvafiq proseslərin stimullaşdırılmasını ehtiva edən müasir yanaşmalar tətbiq olunur. Yeni nəsil elm-təhsil proqramlarının sayının artırılması (yeni ixtisas və ixtisaslaşmaların yaradılması), təhsil proqramlarının müntəzəm olaraq yenilənməsi, ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılması, universitetin təhsil fəaliyyətinin milli və beynəlxalq meyarlara uyğunluğunun təmin edilməsi, əmək bazarında məzunların rəqabətqabiliyyətliliyinin artırılması, təhsilalanlarda yeni iqtisadi və idarəetmə düşüncə tərzinin formalaşdırılması və s. məqsədilə universitetin keyfiyyət təminatı siyasəti yenilənib, Keyfiyyət Təminatı Mərkəzi yaradılıb.

Tədris prosesində informasiya sistemi və texnologiyalarının və universitetin fəaliyyətində elektron idarəetmə sisteminin tətbiqi genişləndirilib. Artıq bir neçə ildir tətbiq olunan “Blackboard” – tədrisin elektron idarə edilməsi sistemindən istifadə e-təhsilin təkmilləşdirilməsinə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradıb. “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazası yaradılıb, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə nail olunub. Eləcə də İnsan Resurslarını Vahid İdarəetmə Sistemi, Elektron Sənəd Dövriyyəsi informasiya idarəetmə sistemi uğurla tətbiq olunub, BDU Elmi Kitabxanasının fondunun rəqəmsallaşdırılması sürətləndirilib.

Tədris resurslarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görülüb, müasir təlim prosesini aparmaq üçün auditoriyalar zəruri avadanlıqlarla (proyektorlar, kompüterlər, ağıllı lövhələr və s.) təchiz olunub, elmi-tədqiqat və tədris laboratoriyalarının maddi-texniki bazası gücləndirilib, universitetin ərazisində abadlıq-quruculuq işləri aparılıb. Hazırda BDU-nun 2 saylı tədris binasının əsaslı təmiri, universitetin yeni qazanxanasının tikintisi işləri yekun mərhələsindədir. Əsaslı təmirdən sonra yeni tədris ilində istifadəyə veriləcək tədris binası tamamilə yenidən qurulur, tədris və elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi üçün müasir avadanlıqlarla geniş imkan yaradılır.

Aparılan islahatlar, müasir dərslik və dərs vəsaitləri ilə təminatın gücləndirilməsi, əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması, xarici ölkələrin nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi və s. tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ictimai fəallığının artırılmasına, onların azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun nəticəsidir ki, BDU tələbələri yüksəkixtisaslı mütəxəssislər kimi yetişməklə yanaşı, ölkə və beynəlxalq miqyaslı elm, təhsil və sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə, incəsənət, idman müsabiqələrində uğurla çıxış edirlər.

Cari ildə BDU-nun komandaları İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurlu nəticə göstərib, universitetin 4 komandası 6 layihə ilə “TEKNOFEST-2023”ün finalına vəsiqə qazanıb. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb. “TEKNOFEST-2023”də yalnız BDU deyil, ümumilikdə ölkəmiz adına qazanılan bu möhtəşəm qələbə gənclərimizi yeni uğurlara və nailiyyətlərə sövq edir, onlarda elmi-tədqiqat fəaliyyəti üçün böyük stimul yaradır. Hazırda “BSU Creativity Workz” komandası Ankara şəhərində təşkil olunan “TEKNOFEST-2023 – Girişim” yarışmasının finalında iştirak edir.

BDU tələbələri, eləcə də universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri ötən il beynəlxalq arenada bilik və bacarıqlarını qürurla nümayiş etdirib, bir sıra olimpiadaların qalibi adını qazanıblar. 2023-cü il iyulun 31-dən avqustun 6-dək Bolqarıstanda ali məktəb tələbələri arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Vüqar Quliyev birinci mükafata layiq görülüb. Həmçinin “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev avqustun 6-13-də IMEC Riyaziyyat Olimpiadasının (IMEC - International Mathematics Olympiad) qlobal turunda qızıl medal əldə edib. “Singapore International Math Olympiad Challenge” (SIMOC) olimpiadasında isə liseyin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl, VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüblər. Bütün bunlar BDU-nun beynəlxalq elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.

Universitetdə tələbələrin təhsili, elmi-tədqiqatlara təşviq olunmaları və onların layihələrinin dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Son dövrlər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində tələbələrin ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması onlarda elmə və təhsilə daha böyük maraq yaradıb. Eyni zamanda, mütəmadi olaraq karyera sərgilərinin təşkili, əmək bazarının tələbləri nəzərə alınmaqla yeni ixtisas və ixtisaslaşmaların açılması müsbət dinamika kimi izlənilməkdədir.

Hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və başqa ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti (HUJI), Holon Texnologiya İnstitutu (HIT), Lumière Lyon 2 Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və s.) bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 11 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ənənəvi olaraq QS, Scimago, WRWU, URAP kimi dünya universitetlərinin beynəlxalq reytinqində təmsil olunan BDU ölkəmizdən yeganə ali məktəb olaraq nüfuzlu “Times Higher Education” beynəlxalq reytinqində təmsil olunur.

2023/2024-cü tədris ilində BDU-da bakalavriat və magistratura səviyyəsinə qəbul planı artırılıb. Bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisasa – “Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarına qəbul aparılır. Həmçinin magistratura səviyyəsində “Tərcümə (ərəb dili üzrə)”, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” və “Gömrük ekspertizası” ixtisaslaşmaları üzrə də bu tədris ilindən etibarən qəbul aparılıb.

BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında iş aparılır, bir sıra sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər.

Son illər BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar. BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olublar. Cari ildə BDU-nun 4 məzunu üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub. 2023-cü il üzrə Gənclər üçün Prezident mükafatçılarından 2-si, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-cü ildə xaricdə təhsil almaq fürsəti qazanmış tələbələrdən 16-sı BDU-nun məzunudur.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində müsbət tendensiya formalaşmaqdadır. Son 3 il ərzində BDU-da Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyaları yaradılıb və yenidən qurulub, qeyd olunan istiqamətlərdə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanıb.

Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı bu il yüksələn dinamika ilə inkişaf edib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq hazırda 57-yə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 52-yə bərabər olub. Hər bir əsərə edilən istinadların orta sayı isə 2022-ci ildəki 6.06 göstəricisindən 7.06-ya qədər yüksəlib. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə 4123 elmi əsər dərc edilib. Ötən il isə bu göstərici 3598 elmi əsər təşkil edirdi. Bu əsərlərə ümumilikdə 29000-dən çox istinad edilib ki, bu göstərici də ötən il 22000-nə yaxın idi. 2023-cü ilin ilk səkkiz ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilmiş 143 elmi əsərin 31-i Q1, 45-i Q2, 33-ü Q3 və 34-ü Q4 kvartil kateqoriyalı jurnallarda dərc olunub. Cari ilin ilk səkkiz ayı ərzində bazaya daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə 3700-dən çox istinad edilib. Dərc olunmuş məqalələrdən 4-ü icmal tipli, 17-si ilkin və 59-u açıq girişə malikdir. Onu da vurğulamaq lazımdır ki, H-indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında liderdir.

BDU-da əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır. 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə ənənəvi müsabiqələr təşkil olunur, qaliblər mükafatlandırılır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də mühüm istiqamətlərdən biri də “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın formalaşdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunduğu kimi, 2026-cı ilə qədər Azərbaycanda elmin inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsi üçün “Tədqiqat Universitet”lərinin yaradılması nəzərdə tutulub. Ölkəmizin ən böyük elm və təhsil müəssisəsi kimi, BDU-da bu məqsədlə yaradılmış yeni təhsil-tədqiqat-sənaye yönümlü akselerasiya və araşdırmalar mərkəzi – Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində (Centre of Excellence) fəaliyyət göstərən və digər müasir tipli elmi-tədqiqat laboratoriyalarında dünya elminin müasir meyillərinə uyğun rəqabətədavamlı innovativ elmi-tədqiqatların aparılması, müxtəlif elm sahələri arasında multidisiplinarlığın təmin edilməsi, elm-təhsil-istehsalat inteqrasiyasını genişləndirməklə elmi nəticələrin sənayedə tətbiqi və kommersiyalaşdırılması, magistrant və doktorantların birbaşa olaraq elmi-tədqiqat laboratoriyalarında yetişdirilməsi üçün ən müasir elmi cihaz, avadanlıq və materiallar, müxtəlif tipli proqramlarla təchiz olunmuş kompüter sistemləri və IT avadanlıqları alınır. Onu da qeyd edək ki, Mərkəzdə və universitetin elmi-tədqiqat laboratoriyalarında yalnız BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları deyil, həmçinin əməkdaşlıq çərçivəsində ölkəmizin elmi-tədqiqat institutları, ali təhsil müəssisələrinin və digər müvafiq qurumların əməkdaşları da elmi-tədqiqatlarda iştirak və bütün cihaz və avadanlıqlardan istifadə edə biləcəklər. Ən müasir tələblərə uyğun səviyyədə yaradılacaq elmi-tədqiqat mühiti beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirəcək və müxtəlif layihə və proqramlar çərçivəsində birgə rəqabətədavamlı elmi araşdırmaların aparılmasına imkan verəcək.

Ötən tədris ilində universitetin beynəlxalq əlaqələri də son illərin uğurlu təcrübəsinə və inkişaf dinamikasına uyğun artıb. Bəhs olunan dövrdə BDU ilə Türkiyənin Bilkent, Hacettepe, Eskişehir Texniki, Çukurova, Karabük, Üsküdar universitetləri, İsrailin Yerusəlim İbrani Universiteti, Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, Buxara Mühəndislik-Texnologiya İnstitutu, Qazaxıstanın Avrasiya Milli Universiteti və s. çoxsaylı nüfuzlu universitetlər arasında “Erasmus” mübadilə protokolları, əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanıb. Həmçinin İsrailin Holon Texnologiya İnstitutu (HİT), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə ikili diplom proqramının ilk məzunlarının buraxılışı keçirilib.

BDU-nun həmtəşkilatçılığı ilə beynəlxalq elmi tədbirlər, o cümlədən Bakı şəhərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan yüksək işçi seminarı (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”), “Volkswagen” Fondu ilə “Kvant elminin və texnologiyasının müasir meyilləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq Yay Məktəbi, Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə “Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu” (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetləri ilə birgə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans, akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda və s. beynəlxalq elmi konfranslar, Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş, Bakı, Gəncə və Qazax şəhərlərində təşkil olunan respublika elmi konfransı və digər nüfuzlu beynəlxalq elmi tədbirlər, müxtəlif elmi seminarlar, ustad dərsləri keçirilib.

Bildiyimiz kimi, kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Oktyabrın 2-dən 6-dək Bakıda təşkil olunacaq dünya miqyasında ən mötəbər tədbirlərdən olan 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC-2023) ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, ölkəmizin qlobal kosmos sənayesinə daha yaxından inteqrasiyasına əvəzolunmaz imkanlar yaradacaq. Azərbaycanda astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi olaraq Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan BDU-nun bu mötəbər tədbirə qatılması, yaradılan imkanlardan faydalanması əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verəcək.

Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək sərgi pavilyonunda beynəlxalq kosmik şirkət və təşkilatlarla yanaşı, BDU-nun da stendinin nümayiş olunması nəzərdə tutulub. BDU üçün sərgidə iştirak, astrofizika və kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, xüsusən də Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6000 yüksəkixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, BDU-nun alim və tələbələri təşkil olunacaq elmi sessiyalarda müvafiq mövzularda məruzələrlə çıxış edəcəklər.

Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı özünün prioritetlərindən hesab edən BDU 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə isə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) üzvü seçilib. Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması bu baxımdan xüsusi qeyd edilməlidir. Onu da vurğulamaq lazımdır ki, bu, ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. ICESCO ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq sayəsində artıq ikinci kafedra – Süni intellekt etikası kafedrası yaradılır.

BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əməkdaşlıqlar bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Yalnız son ildə BDU ilə Elm və Təhsil Nazirliyinin Fizika, Molekulyar Biologiya və Biotexnologiyalar, Riyaziyyat və Mexanika, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Radiasiya Problemləri institutları, Müdafiə Sənayesi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, “LU-MUN HOLDING”, “SARA INVEST HOLDING” və s. təşkilatlar arasında imzalanan memorandum və müqavilələr qarşılıqlı informasiya mübadiləsini, birgə tədqiqatların aparılmasını, analitik-informasiya materiallarının hazırlanmasını, konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin birgə həyata keçirilməsini və digər əməkdaşlıq istiqamətlərini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, inamlı Qələbəmizdən ötən 3 il ərzində diplomatiya cəbhəsində əldə etdiyimiz misilsiz uğurlar bütün xalqımız kimi BDU ailəsinin hər bir üzvünü də yüksək ovqatla çalışmağa sövq edir. Artıq üçüncü ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. 2023-cü il aprel ayının 23-də tarixi qələbələrimizin davamı kimi Laçın sərhəd-keçid məntəqəsinin qurulması, avqust ayının 26-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçında təntənəli bayram tədbirlərinin keçirilməsi bütün xalqımız kimi BDU-nun çoxminli kollektivini və tələbələrini daha yüksək zirvələrə və nailiyyətlərə ruhlandırır.

104 yaşlı BDU zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirir.

Son Xəbərlər