Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Eşitməmisən ki, keçmişinə xor baxanı, gələcək nəsillər topa tutar!: Vüqar Əhməd yazır...


Eşitməmisən  ki, keçmişinə xor  baxanı, gələcək nəsillər topa tutar!: Vüqar Əhməd yazır...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Eşitməmisən ki, keçmişinə xor baxanı, gələcək nəsillər topa tutar!: Vüqar Əhməd yazır...

Tanınmış şair, ədəbiyyatşünas, alim Vüqar Əhməd "Niqab" adlı yeni hekayəsi ilə oxucuların görüşünə gəlib.

Xeberoxu.Az
ədibin yeni hekayəsini təqdim edir:

                           “NİQAB”
                         (Hekayə)


Vaxtilə  BDU-nun  Şərqşünaslıq  fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı.  Belə ki,  institutun müdiri  Bilal Qüdrətzadə   onun işindən çox razı idi.  Çünki  vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan,  öz işini  hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə  ordakıları  heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin  daim üzünü ağ etmişdi. İnstituta vaxtaşırı müxtəlif ərəb ölkələrindən təşrif gətirən ərəb alimlərlə, yazıçı-şairlərlə  ərəbcə sərbəst danışan,  çox zaman da müdiri  Bilal Qüdrətzadə ilə onların arasında dilmanclıq eləyən Gövhər xanım qonaqların da daim ehtiramını qazanmış,  onun haqqında olduqca xoş sözlər deməyinə həm  öz ədəb-ərkanı, mədəniyyətilə nail olmuşdu.  Bu səbəbdən də dəfələrlə mükafatlar almış,  medallarla təltif olunmuşdu.  Gövhərin bu qədər işgüzarlığının,  zəhmətkeşliyinin səbəbi həm də onda idi ki,  o, öz işini çox sevirdi, işinə çox bağlı idi.  Əgər onu işindən ayırsaydılar, bəlkə də bağrı çatlayardı.
  Gövhər xanımın həyat yoldaşı Sərdar  ali dərəcəli sürücü idi.  Əvvəllər  marşrut avtobusu sürən Sərdar artıq on il idi ki, ölkədə çox tanınmış biznesmenlərdən biri Şamil  bəyin sürücüsüydü  və  öz patronundan çox razıydı. Şamil bəy səxavətli,  gülərüz,  mehriban bir adam idi. Kimsənin ürəyini qırmaz, hamını özündən razı salmağa çalışardı. Şamil bəy  Sərdarın həyat yoldaşı Gövhərə də hüsn-rəğbət bəsləyir,  Sərdar evdə olarkən  onunla telefon əlaqəsi saxlayarkən hökmən Gövhər xanımın da kefini soruşur, bir sıxıntısı varsa mütləq deyin, qardaşınız imkan  daxilində sizə kömək eləsin,-deyirdi. 
  İndi isə  Sərdar  patronundan  ürəyəyatan bir söz eşitmişdi.  Bir həftədən sonra Şamil bəy Bakının ən füsunkar restoranlarından birində yeganə qızına toy eləyəcəkdi. İllərlə  toya getməyi arzulayan  Gövhər ərindən  bu əlamətdar xəbəri eşidən kimi, toya hökmən dəvət alacaqlarına əmin olub artıq  özünü  ən  əziz  qonaq kimi Şamil  bəyin qızının  toyunda  hesab etdiyi üçün əlinə  mikrafona  bənzəyən  boş duzqabı  götürüb güzgü  qarşısında dayanaraq  dil-dil ötürdü: 
-Möhtərəm qonaqlar!  Toy əcdadlarımızdan bizə miras qalan misilsiz bir adətdir. Toy hər valideynin, hər ananın, hər atanın ən böyük arzusudur. Çünki toy gələcəyə ümidlə baxmaq üçün bənzərsiz bir vasitədir. Toy şirin-şəkər nəvələrin dünyaya gələcəklərindən xəbər verən olduqca xoş bir müjdədir. Toy iki gəncin xoşbəxtlik bulağının qaynamağa başladığı gündür. İnsan sürdüyü həyatda enişlərlə, yoxuşlarla yaşayır. İnsan həyatı sevinclərdən və kədərlərdən ibarətdir.  Fəqət toy elə bir mərasimdir ki,  toy günü bütün kədərlər, qəmlər, acılar unudulur. Toy günü bütün əqrəbaların, dostların, bir-birinə hüsn-rəğbət bağlayan insanların bir araya gəldikləri olduqca əlamətdar bir gündür. Toy Uca Allahdan bizə mükafat kimi verilmiş olduqca şirin bir sərvətdir. Toy günü hamının üzü gülür, hamı sevinir, hamı şadlanır, hamı şənlənir. Toy gələcəyə uzanan elə bir körpüdür ki, bu körpü tək toyu olan növcavanlara deyil, onların valideynlərinə, doğmalarına, əzizlərinə yalnız səadət, səadət və səadət bəxş edir. Toy hamının bir-birinə xoşbəxlik dilədiyi bir gündür. Yuxarıda dediyim kimi toylar toyu olan, daha doğrusu evlənən şəxslərə ailə qurma vəsiqəsi, nəsil artırma sənədi verməklə yanaşı xalqın milli-mənəvi dəyərlərini əks etdirən, mədəniyyətinin zənginliyini, tarixinin, adət-ənənələrinin qədimliyini nümayiş etdirən ən gözəl vasitədir. Toylar bizə yeddi arxa dönənimizdən miras olaraq qalmışdır və biz toylar vasitəsilə həyatımızdakı üzüntülərdən, sıxıntılardan, çətinliklərdən qurtularaq işıqlı bir həyata qədəm qoyuruq. Toylar bizi gələcəyə, yaşamağa, firavanlığa səsləyir. Toylar ümiddir, gələcəyə xoş bir cığır açan həyatımızda ən əlamətdar hadisələrin bünövrəsi, özülüdür. Dediyim kimi toyda bir-birinə hüsn-rəğbət bəsləyən şəxslər hamı bir araya gəlir  və bir-birinə: - O gün olsun sizin subaylarınız üçün olsun, oğlundan görəsən, qızından görəsən,-deyir. Bəylə-gəlinə isə: -Qoşa qarıyasız, oğullu-qızlı olasız, Allah öz inayətini, mərhəmətini, rəhmətini üzərinizdən əskik eləməsin. İndi mən də deyirəm, toyunuz mübarək olsun, səadət bütün ömrünüzcə sizə yar olsun. Bəxtəvərlik heç vaxt qapınızdan çəkilməsin. Bütün arzularınız çin olsun inşallah! Bura gələn qonaqların ürəklərində nə arzu varsa, Allah müstəcəb eləsin inşallah! Xoşbəxt olun dostlar! Allah mübarək eləsin! İndi isə bütün qonaqları  rəqsə dəvət edirəm.
  Sərdar  ona baxıb gülümsəyirdi.  Gövhər çıxışını bitirən kimi  gülümsəyərək üzünü ərinə tutdu:
-Sən nə deyəcəksən Sərdar?
 Sərdar yüngülcə başını buladı:
-Sənə çıxış üçün söz verəcəklərinə əminsənmi?
 Gövhər dodağını  qəribə şəkildə büzüb  hər iki əlinin baş barmağını yuxarı qaldırdı:
-Əlbəttə!  Şamil bəy çox həssas,  geniş  qəlbli, mədəni  adamdır. Mənə elə gəlir ki,  o, düz on il  ən azı yarım milyon qiyməti  olan avtomobilinin  sükanını hərləmiş  öz dəyərli sürücüsünün  xanımına övladının toyunda hökmən söz verər.  Sənin mənimlə işin olmasın.  De görək nəyin var, nə deyəcəksən,  növcavanları necə təbrik eləyəcəksən?!
  Sərdar duzqabını  Gövhərdən alıb güzgünün  qarşısına  keçdi  və  bədənnüma güzgüdə  iri qamətini  o tərəf, bu tərəfə tərpətdi:
-Qoy bir pozamı alım.  Aha,  demək belə!  Çox möhtərəm qonaqlar!  Mən səbəbkarlarımızı  təbrik etməzdən qabaq istəyirəm  misilsiz bir insan olan Şamil bəy haqqında bir neçə söz deyim.  Mən on ildi, düz on ildi  bu nəcib şəxsiyyətin sürücüsüyəm  və onun sürücüsü olmağı özümə şərəf,  səadət hesab eləyirəm.  Yəqin ki, burdakı qonaqların əksəriyyəti bilir,  bu kişinin ağzından  ləl-cəvahirat tökülür.  Bilirsiz  insanlar  hamısı bərabərdir, lakin o insan  ki,  vəzifəsinə, puluna  güvənib sadə adamlara aşağı baxır,  məhz  Uca Allah o cür adamları bəyənmir. Şamil  bəy  kübar cəmiyyətdə çox nüfuzlu, hörmətli biridir.  Lakin onun öz işçilərilə münasibəti heyrətamizdir.  O, həm də bizə,  öz işçilərinə etibar eləyir, başa düşürsüz?!  Bəzən yüz min pul verir ki, Sərdar bu pulu filankəsə  çatdır.
  Bur yerdə Gövhər narazı halda başını buladı:
-Nə danışırsan ay kişi?!  Heç dəxli var?!  Bir tərəfdən Şamil bəyin yüksək-mənəvi keyfiyyətlərindən danışırsan, bir tərəfdən də məsələyə aid olmayan sözlər deyib baş-ayaq  vurursan.  O, yüz mini demə,  onun məsələyə heç bir adiyyatı yoxdur.
  Sərdar  yüngülcə başını tərpətdi:
-Yaxşı,  yüz mini  aradan sildik.  Hə, deməli belə.  Mən Şamil  müəllimin  övladına,  gözəl gəlinimizə və bəyimizə yalnız səadət, səadət, səadət arzulayıram. İndi  isə bəylə  gəlini  rəqsə  dəvət  edirəm!  Adə zurnaçı, filə o zurnanı!  Bir dənə hopstop!
 Gövhər  bu dəfə  bir  qədər  qeyzli şəkildə  başını buladı:
-Nə hopstop,  hansı  hopstop?!  İndi hopstop  vaxtıdır ay kişi?!
 Sərdar  sol  əlini yana açdı:
-Bəs  nə  vaxtıdır?
  Gövhər  yenə güzgüyə  yaxınlaşıb  qırx  beş  yaşına baxmayaraq  gənc qızlardan  daha  cazibədar  görünən  çöhrəsinə  diqqət  etdi:
-Hopstopun  əl-qolunu bağlayıb  sandığa  salmaq  lazımdır.  İndi  camaat  toylarda  Koreya, Yapon,  Amerika rəqsləri  oynayır. 
  Sərdar  narazı halda dilləndi:
-Qoy bizi oturmuşuq  ay Gövhər,   bəs  bizim öz milli rəqslərimiz, Tərəkəmə,  Heyvagülü,  Qazağı,  Xançobanı,  onlar  nə oldu?
  Onlar  folklorşünasların kitablarında  qaldılar.  İndiki gənclər  o  rəqslərə  gerilik kimi baxır. 
  Sərdar  ikrahla gülümsündü:
-Nə gənclikdi bu belə ki, öz keçmişinə  xor baxır?!  Eşitməmisən  ki,  keçmişinə xor  baxanı,  gələcək nəsillər topa tutar!  Sözün açığı gənclərimizin bu qədər  dəyişdiyini bilməzdim.
  Gövhər  yalnız indi nəzərlərini bədənnüma güzgüdən ayırdı:
-Hardan biləsən?  İllərdir bizə  verilən dəvətnamələri  cırıb atmısan.  Elə bir dənə söz demisən  ki,  bizim  bu toylarda nə işimiz var?  Pulumuzu çöldən tapmışıq bəyəm?!  Övladımız var ki, ona toy eləyib bu dəvətnamə verənləri  çağıraq?!  Belə olan halda mən heç vaxt  kiminsə toyuna-zadına gedən deyiləm.  Bəs indi nə oldu?!  Bu sənin patronundu,  sənə yaxşı aylıq verir,  buna görə hə?!  Bundan da vaz keçəydin də, niyə keçmədin?!  Məni  də illərlə toylara həsrət qoymusan, heç fikirləşməmisən  ki,  axı bu da insandı, bunun da bu dünyadan zövq almağa haqqı var. 
  Sərdar pərt halda başını aşağı salmışdı,  iyirmi beş  illik ömür-gün yoldaşının  bu nə  qədər acı olsa da, həqiqəti əks etdirən sözlərinin qarşısında söz tapa bilmirdi.  Çünki  həqiqətən də  ərəb dili mütəxəssisi,  ərəb dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ərəb dilinə  elmi, bədii  əsərlər,  şeirlər  tərcümə eləyən, elmi əsərlər yazan ümumiyyətlə ərəb dilndən başqa, fars, ingilis, fransız, alman, rus  dillərində sərbəst danışa bilən, olduqca geniş təxəyüllə,  iti şuura, dərin zəkaya,  yüksək intilektə malik  zövcəsini  ailə  qurduqları iyirmi beş il ərzində  hətta qohum-əqrəbasının, dostlarının, rəfiqələrinin, iş yoldaşlarının belə xeyir işlərinə həsrət qoymuşdu. Adət-ənənələrə, milli dəyərlərə çox bağlı olan Gövhər isə onun  ərlik hüququnu  heç vaxt tapdalamamış,  öz arzularına zəncir vurmuş, yalnız onun istəklərilə hərəkət etmişdi. Buna görə  iyirmi beş  il müddətində  ruhunu sarmış  fırtınanın  təlatümünü  olduqca mədəni şəkildə  bəyan etdi. Məhz bu  həqiqəti  əks etdirən “bəyanat”dan sonra  dərindən köksünü ötürdü.  Çünki iyirmi beş ildə  onun ruhunu hövülləndirən, əsəblərini tarıma çəkən   fırtına bir anın içində sakitləşib  yoxa çıxdı. 
 Gövhərin,  Sərdarın iliyinə işləyən sözlərindən sonra otaqda  bir xeyli sükunət hökm sürdü. Nəhayət, Sərdar  sükutu pozdu:
-İndiki belədi  mən vaz keçirəm rəqs eləməkdən.   
 Gövhər  sağ əlini yellədi:
-Elə şey yoxdu,  camaat  nə deyər?!  Toya gedən adam hökmən rəqs eləməlidi.  Yoxsa toya gələn qonaqlar elə bilər  ki,  paxıllıqdan əl-qol atmırsan. 
  Gövhər bunu deyib  ərinin pərtlikdən  pörtmüş yekə sifətinə,  nəmlənmiş  gözlərinə baxdı:
-Bura bax Sərdar, olmaya məndən incidin?
  O  yaxına gəlib Sərdarın  kobud,  iri sağ əlindən tutdu:
-Yaxşı, ürəyinə salma! Bir sözdü dedim.  Axı biz toya hazırlaşırıq.  Rəqs eləmək bir yana.  Gərək mən  toya layiq paltar tapım,  səninçün  də  qəşəng bir kostyum alım. 
 Gövhər  bu  dəfə sol əlilə Sərdarın sağ əlindən yapışdı:
-Bilirsən,  ancaq gəlin gələndə, yəni iyirmi beş  il bundan qabaq böyük bacım  Sənubər  basıb məni maşına,  zorla aparıb gözəllik salonuna.  O vaxtdan heç  vaxt orda olmamışam.  Gərək  toy günü bir ora baş çəkim.  Etiraz eləməzsən ki?!
  Sərdar zorla üzünə gülüş ifadəsi verdi:
-Yox, əlbəttə!
  Bununla da onların bu günlük toy haqqında söhbətləri  bitdi. 
  Toy gününə üç gün qalmış axşam işdən gələndə  Sərdarın  qanı çox qara idi. Gövhər  bunun səbəbini soruşanda o,  qəzəblə sağ əlini yellədi:
-Elə bil indiyə qalmışdı.
 Gövhər sualının cavabını almaq  üçün  səbrini  bir  az  da basdı.  Nəhayət  Sərdar  onun  sorumunu cavablandırdı:
-Şamil  bəy  mənə bir əmanət vermişdi  ki,  bir nəfərə çatdırım. Maşını sürətlə qovdum və yol polisi  saxlayıb  sürücülük vəsiqəmi aldı, maşını isə cərimə meydançasına apardı.
 Gövhər narahat halda soruşdu:
-Şamil bəy bunu bildi?
Sərdar siqaretə dərin qullab vurdu:
-Bildi.  Zəng də vurdu, lakin Şamil bəy sadəcə biznesmendi. Rütbəsi, vəzifəsi yoxdu. Odur ki, güzəşt eləmədilər.
-Bəs  əmanəti necə, çatdıra bildin:
 Sərdar yenə havaya tüstü buraxdı:
-Çatdırdım. Taksi çağırıb apardım. Lənət şeytana!  Mən də istəyirdim toy günü orda sürücü kimi bir işə yarayım. Nə isə..
  Gövhər ona  ürək-dirək verdi:
-Eybi yox, ürəyini sıxma! 
  Gövhər bunu deyib  iri dolabı açıb ordan gözoxşayan bir kostyum götürdü:
-Narahat olmağına dəyməz.  Bax,  əla kostyumdu, geyinsən  sən də bəyə oxşayacaqsan. Qara kostyum, mahud parçadan.  Özü də 60, 4-cü rost. Əsil sənin ölçün.
  Sərdar  kostyumu geyib güzgü qarşısında dayanandan sonra əsəbləri xeyli sakitləşdi. Kostyum  onun təndürüst qamətinə o  qədər  yaraşırdı ki,  gözlərini güzgüdən çəkə bilmirdi.  Odur ki, gözlərini güzgüdən ayırmadan  soruşdu:
-Bəs sən, toy üçün paltar aldınmı?
 Gövhər dolabdan  zərxaradan hazırlanmış paltar çıxarıb geyindi və geyinən kimi o qədər gözəlləşdi ki, Sərdarın o  qədər də böyük olmayan gözləri  xeyli böyüdü:
-Aman Allahım!  Aman ya Rəbbim! Sən dünya gözəli imişsən. Mən yüz faiz, yüz faiz əminəm ki, o toyda səndən daha gözəl qadın olmayacaq.
  Gövhər  ərinin sözlərindən xoşlana-xoşlana servantın üstündən balaca bir vaz götürüb içindəki  zinət əşyalarını barmaqlarına, qulaqlarına,  qollarına, boynuna taxmağa başladı.
Sərdarın gözləri indi bir az da böyümüşdü, o xanımı üçün  bu qədər ziynət əşyası almamışdı və onun buna gücü də yetməzdi.
 Gövhər onun çox maraq etdiyini görüb səkkiz barmağını bəzəyən brilyant, yaqut, zümrüd, firuzə qaşlı qızıl üzüklərə baxdı:
-Bir qismini bacım Sənubərdən, bir qismini rəfiqələrimdən birouz götürmüşəm. Gözlərin kəllənə çıxmasın.
 Sərdar yumruğunu büküb sağ əlini yuxarı qaldırdı:
-Sən par-par parıldayacaqsan Gövhər. Mən əbləh indi anlamışam ki, nəinki Bakıda, yer üzündə sənin kimi gözəl yoxdu.
 Gövhər  bir az nazlandı:
-İyirmi beş ildi  evliyik, indi bilmisən mənim qədrimi?! 
 Sərdar başını buladı:
-Yox, yox əzizim. Mən həmişə sənə yüksək dəyər vermişəm. Bilirsən, bizim nəsillikcə xasiyyətimiz belədi. Öz xanımına belə xoş söz desən, sanki erkəkliyi artıq əldən vermiş olursan. Biz heç vaxt öz fikirlərimizi açıq-aşkar ifadə eləyə bilmirik. Öz halal xanımına bir şirinlik eləsən,  sanki özün öz gözündə qiymətdən düşmüş olursan. İndi görürəm ki, bu heç də yaxşı xüsusiyyət deyil.
  Sərdar sözünü bitirəndən sonra hər ikisi  təzə geyimlərini soyunub ev paltarları geyindilər ki, təzə əlbisələr çirkə-zada batmasın. Bunadn əlavə Gövhər ziynət əşyalarını da çıxarıb vaza ylğıb əvvəlki yerinə qoydu  və üzünü ərinə tutdu:
-Düşünürdüm  toya beş yüz  manat salarıq. Amma indi fikirləşirəm ki,  Şamil bəy çox zəngin adamdır, yəqin ki, elə  isə biz niyə xəcalət çəkməliyik.  Biz də  toya min manat salarıq, hə Sərdar?
 Sərdar başını tərpətdi:
-Hə, əlbəttə! Biz kimdən əskiyik  ki.. 
  Bundan sonra Sərdar yenə bir siqaret alışdırıb çəkməyə başladı.  Gövhər  isə  işdən yorğun gəlmiş əri üçün isti yemək və çay tədarükündə oldu.
  Bir  sözlə iyirmi beş il müddətində toy görməmiş ər-arvad  toy gününə qədər xəyallarla yaşadılar. İyirmi  beş il övlad  həsrəti çəkmiş  ər-arvad  sanki  bu  toydan alacaqları  zövqlə övladsızlıq acısını unudacaqdılar. Toy yiyəsindən dəvətnamə almasalar da, toya dəvət alacaqlarına əmin olduqları üçün toy gününə qədər səbirlə gözlədilər,  belə ki, Gövhər xanım hətta həmin gün səhər kosmetika salonuna gedib öz gözəl surətini daha da gözəlləşdirdi...
 Ertəsi gün Gövhər xanım işə gələndə onun dünən məhşur bir biznesmen Şamil bəyin övladının toyunda  iştirak edəcəyini bilən Bilal Qüdrətzadə  onun kağız kimi ağarış çöhrəsini görəndə qorxuya düşdü, odur ki, salamlaşmadan soruşdu:
-Sizə nə olub Gövhər xanım, bəniziniz ağappaqdı. Yoxsa toyda bir hadisə baş verib?
 Gövhər başını buladı:
-Toyda heç bir hadisə baş verməyib.
 Bilal Qüdrətzadə bir addım da ona yaxınlaşdı:
-Bəs onda nə olub Gövhər xanım? Mən sizi heç vaxt bu vəziyyətdə görməmişəm. Bəlkə rəhmətə gedən var?
 Gövhər köksünü ötürdü:
-Yox, rəhmətə gedən də yoxdu.
  Bilal Qüdrətzadə indi yerindən tərpənmədən soruşdu:
-Axı bəs onda nə olub? Səbrim tükəndi vallah! Bilirəm dünən Sərdarla toya getmişdiz. Kaş həmişə toy olsun!
  Bilal Qüdrətzadə yenə nəsə demək istədi, lakin Gövhər onun sözünü kəsdi:
-Toya getməmişdik Bilal müəllim!
  Bilal Qüdrətzadənin səsi bu dəfə həmişəkindən zəif çıxdı:
-Niyə?
 Gövhərin səsi indi ney avazına bənzədi:
-Çünki bizi toya dəvət eləmədilər.
 Bilal Qüdrətzadə olduqca məyus halda kətilin üstündə oturdu və bir neçə saniyə keçəndən sonra bir kəlmə söz dedi:
-Niqab.. Əfsuslar  olsun ki, bəşər övladının yarısından çox məhz bu cür niqab taxır,  məhz Şamil  bəyin taxdığı niqabdan.
  Ertəsi gün, bazar günü olduğu üçün iş olmadığından Gövhərlə Sərdar dənizkənarı parka gəzməyə getmişdilər. Əslində gəzməyə getmişdilər deyəndə, srağagün axşamdan bəri düşdükləri  ağır vəziyyətdən çıxmaq üçün mavi Xəzərin sahilindəki  parkda gəzməyə üstünlük vermişdilər. Çünki  zatən onlara mələk kimi görünən Şamil bəy onları övladının toyuna dəvət etməyib aşağılamaqla onlara bəlkə də övladsızlıq acısından da ağır zərbə vurmuşdu. Onlar  sahil bağındakı əsrarəngiz yaşıllıqlara,  dayanmadan  Bakı  əhalisinə  həzin laylay çalan mavi Xəzərə,  Xəzərin əzəmətli  körpülərinə tamaşa etməklə həddindən artıq gərilib tarıma çəkilmiş əsəblərinə su çiləmək istəyirdilər. Sahil bağına daxil olandan bir qədər sonra dənizin lap sahilində  qoyulan skamyada oturub mavi Xəzərə tamaşa etməyə başladılar. Min illərdən bəri Xəzərin qoynunda uçmağı  həyatlarının mənası hesab edən qağayıların səsi insan qəhqəhəsinə bənzəyirdi. Sanki bu müqəddəs quşlar saxtakar  insanların ikiüzlülüyünə qəhqəhə çəkib gülürdülər. Bununla  belə qağayılar sinəsi  qəmlərlə,  kədərlərlə dolu olan dənizi  elə  bil  ki,  bu nahaq dünyadan ayırıb olduqca saf, təmiz bir dünyaya səsləyirdilər. Bundan əlavə cürbəcür ölçüdə sərnişin və yük gəmiləri isə bəlkə də yaşı  həyatın başlanğıcı ilə bir olan Xəzəri olduqca müəzzəm və füsunkar göstərirdi. Lakin bütün bunlar bir yana dursun, əsas o idi ki,  mavi Xəzər olduğu kimi görünürdü, o bir sıra nankor insanlar kimi niqab taxmamışdı. Hardansa lap uzaqdan isə həzin bir mahnı sədalanırdı:
          Gecənin zümzüməsin,
          Əks edən laylasısan,
          Gündüzün həzin-həzin,
          Vəsv edən avazısan.

          Dünyada yox bənzərin,
          Mavi gözlü gözəlim.
          Ziynətim, simuzərim,
          Mənim əziz Xəzərim.

          Şahə qalxdığın zaman,
          Titrədirsən hər yanı,
          Sakit axdığın zaman,
          Oxşayırsan səmanı.
 

09.09.2023
Vüqar Əhməd


Son Xəbərlər